XƏBƏRLƏR

31 May 2016

İSİM tərəfindən 31 may – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş məktəblilər arasında “Tütünsüz Dünya Yarat!” adlı rəsm müsabiqəsi və media nümayəndələri üçün brifinq keçirildi

Ümumdünya Tütünsüz Günü ilə əlaqədar 31 may 2016-cı il tarixdə Bakının 189-190 №-li tam orta məktəbinin həyətində şagirdlərin iştirakı ilə asfalt üzərində “Tütünsüz Dünya Yarat!” adlı rəsm müsabiqəsi keçirildi və eyni zamanda media nümayəndələri üçün brifinq təşkil olundu. Səhiyyə Nazirliyinin, Bakının Səbail Rayon İcra Hakimiyyətinin, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) dəstəyi və Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) təşkilatçılığı ilə Azərbaycanda da 31 may – Ümumdünya Tütünsüz Günü qeyd olundu. 

Tədbirin keçirilməsində əsas məqsəd “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair 2015-2020-ci illər üzrə Strategiya”ya istinad edərək əhaliyə sağlam həyat tərzini aşılamaq, tütünün istifadəsi ilə bağlı yaranan risklərin qarşısını almaq və geniş əhali kütləsini tütünün yaratdığı təhlükələr barədə məlumatlandırmaqdan ibarət idi.

Tütünün yaratdığı problemlərə ictimaiyyətin diqqətini çəkmək məqsədi daşıyan və sağlam həyat tərzinin təbliğinə yönəldilən bu tədbir Azərbaycanın da qoşulduğu Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyasının “Maarifləndirmə, məlumatın ötürülməsi, əhalinin hazırlanması və məlumatlandırılması” haqqında 12-ci maddəsinin həyata keçirilməsinin rəhbər prinsiplərinə tam cavab verir.

Təbdir iştirakçılarını giriş sözü ilə salamlayan 189-190 №-li  tam orta məktəbin direktoru Ceyran Quliyevabəşəri problemə çevrilən tütünçəkmənin ziyanı haqda gənc nəslin, şagirdlərin maariflənməsinin  çox vacib iş olduğunu və bu işdə məsuliyyətin  hamının üzərinə düşdüyünü vurğuladı. Direktor  maraqlı və maarifləndirici tədbirin təşkilinə görə İSİM-in əməkdaşlarına  təşəkkürünü bildirdi və  belə tədbirləri mütəmadi olaraq bərabər təşkil etməyə çağırdı.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Lahiyələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə məktəb rəhbərliyinə və iştirakçılara müraciət edərək bildirdi ki, İSİM əhalinin müxtəlif qrupları arasında maarifləndirici tədbirləri daim həyata keçirir və hazırda baş tutan  bu tədbir də  məhz maarifləndirici xarakter daşıyır. S.Babazadə həmçinin bildirdi ki, təşkil olunan brifinqlə yanaşı bu günə həsr olunmuş  mövzuda  İSİM-in nümayəndələrinin Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılan “ASAN Radio”da da çıxışları olmuşdur. 

İSİM tərəfindən dəvət olunmuş Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktor müavini  İradə Axundova və Milli Onkologiya Mərkəzinin Torakal Onkologiya şöbəsinin  elmi  işçisi Arif Hətəmov da media nümayəndələri qarşısında  çıxış etdilər, KİV nümayəndələrinin suallarını cavablandırdılar.  

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşı Şəhla Mirzəzadə  31 may Ümumdünya Tütünsüz Gününün tarixi, Azərbaycanda tütünlə bağlı mövcud vəziyyət, qeyri-infeksion xəstəliklərə qarşı mübarizəyə dair Strategiyada tütün probleminin əksi, əhali arasında tütünsüz mühit yaradılmasında KİV-in rolu haqda təqdimat etdi. 

Üzərində “Mən siqaret çəkmirəm, səndə çəkmə!” şüarı olan mayka və kepka geyinmiş məktəb şagirdlərinin iştirakı ilə asfalt üzərində rəsm müsabiqəsi təşkil olundu. Müsabiqə boyu şagirdlər tütünsüz dünyalarını asfalt üzərində təsvir edərək tütünsüz mühitdə yaşamaq haqlarının müdafiəsi uğrunda mübariz olduqlarını göstərdilər.

Brifinqdən sonra KİV nümayəndələri və tədbir iştirakçıları rəsm müsabiqəsinə qatılaraq qaliblərin mükafatlandırılma mərasimində iştirak etdilər.

“Tütünsüz Dünya Yarat!” şüarı altında keçirilən bu müsabiqədə 3 qalib müəyyən olundu. Qaliblər dəyərli hədiyyələr və diplomlarla təltif olundular, qalan iştirakçılara sertifikatlar paylandı. Sonda bütün tədbir iştirakçılarına maariflərdirici materiallar paylanıldı.

Tədbirdə çəkilən şəkillərlə burada tanış olmaq olar.