XƏBƏRLƏR

3 Oktyabr 2018

Siqaret qadağasını necə tənzimləmək olar?

www.news.milli.az 

Qadağan edilmiş yerlərdə siqaret və digər tütün məmulatlarından istifadəyə görə cərimələr müəyyənləşib. Milli Məclisin plenar iclasında bununla bağlı İnzibati Xətalar Məcəlləsinin 322-ci maddəsinə dəyişiklik edilib.

SİQARET QADAĞASI VƏ ONUN DETALLARI

Dəyişikliyə əsasən, avtobusda şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobusda siqaret çəkilməsinə 40 manatdan 50 manatadək məbləğdə cərimə edilir.

Bu cərimə sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitəsində və taksi minik avtomobilində tütün çəkənlərə də tətbiq olunacaq. İnzibati Xətalar Məcəlləsinin 212-ci (Tütün məmulatının istehlakına dair məhdudiyyətlərə riayət edilməməsi) maddəsinə əlavə edilən 5-ci bəndə əsasən isə qanunla qadağan edilən yerlərdə (tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.

Bundan başqa, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə nəzərdə tutulur. Yetkinlik yaşına çatmayanlara tütün məmulatı almaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə nəzərdə tutulur.Layihələr səsverməyə çıxarılaraq qəbul olunub.

Milli.Az musavat.com-a istinadən bildirir ki, 2017-ci ildə qəbul edilmiş "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanuna əsasən, bu yerlərdə istifadə qadağandır:

- təhsil və tərbiyə müəssisələri, onların əraziləri;
- səhiyyə, reabilitasiya və sanatoriya-kurort müəssisələri, onların əraziləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla. Belə yerlərə dair tələblər müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunacaq);
- mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatlar, iş yerləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla);
- idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi zallar;
- restoranlar, kafelər, barlar daxil olmaqla, ictimai-iaşə obyektləri (açıq məkanlar və xüsusi ayrılmış qapalı yerlər istisna olmaqla)
- ticarət obyektləri;
- məişət obyektləri;
- sosial xidmət müəssisələri;
- yerləşdirmə vasitələri (tütün çəkənlər üçün mehmanxanalarda otaqlar və xüsusi yerlər ayrılmasına icazə verilir);
- teatr və kinoteatrlar, sirk binaları, sərgi və nümayiş salonları, oxu zalları, kitabxanalar, muzeylər, habelə digər mədəniyyət obyektləri;
- uşaq meydançaları;
- yerüstü qapalı və yeraltı piyada keçidləri;
- müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə hərəkət edən avtobuslar, sərnişin daşımaları üzrə ümumi istifadədə olan avtomobil nəqliyyatı vasitələri və taksi minik avtomobillər;
- metropoliten stansiyalarının vestibülləri, keçidləri, platformaları və vaqonları;
- hava nəqliyyatı vasitələri, dəmiryolu qatarları (qatarın xüsusi ayrılmış yerləri istisna olmaqla). Su nəqliyyatı vasitələri (xüsusi ayrılmış yerlər istisna olmaqla);
- tütün çəkmək üçün xüsusi ayrılmış yerlər istisna olmaqla hava və dəniz (çay) limanlarının inzibati binaları, dəmir yolu vağzalları, avtovağzallar (avtostansiyalarda) və avtobusların dayanacaq məntəqələri;
- liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlər;
- taksofonlar;
- yanacaqdoldurma məntəqələri, o cümlədən tezalışan maddələrin saxlandığı bina və müəssisələr.

HANSI MİLLƏT NƏ QƏDƏR ÇƏKİR?

BBC-in xəbərinə görə, Azərbaycanda adambaşına bir ildə çəkilən siqaretlərin sayı 2114, 33-dür. Günə 6-7 siqaret düşür. Adambaşına çəkilən siqaretlərin sayına görə Azərbaycan 13-cü yerdədir. Azərbaycanda əvvəlki pilləni Qazaxıstan tutur. Bu ölkədə bir adam bir ildə 2156 siqaret çəkir.

Amma digər Mərkəzi Asiya respublikalarında siqaret əhəmiyyətli dərəcədə az çəkilir. Türkmənistan ildə adambaşına 895 siqaretlə 69-cu yeri tutur. Özbəkistan 565 siqaretlə 92-ci, Tacikistan 533 siqaretlə 97-ci yerdədir.

Azərbaycan, həm də bütün Cənubi Qafqazda ən çox siqaret çəkən ölkə sayılır. Qonşu Gürcüstanda bir ildə adambaşına düşən siqaretlərin sayı 1378, Ermənistanda isə 1545-dir. Bu indeks cədvəlində müvafiq olaraq 39-cu və 30-cu yerlərə uyğundur.

Türkiyədə (29) bir ildə hər adama 1581 siqaret düşür. İranda (71-ci yer) bu rəqəm 853-dür. Çindən sonra ən çox siqaret çəkən ikinci ölkə Belarusdur (3831). Onun ardınca Livan (3023), Makedoniya (2732) və Rusiya (2690) gəlir.

Qvineya dünyada ən az siqaret çəkən ölkədir. Burada adambaşına ildə cəmi 15 siqaret düşür. Afrika ümumiyyətlə, ən az siqaret çəkilən qitədir. Solomon adaları (26), Kiribati (28), Uqanda (41) və Ruanda (53) siqaret çəkən ölkələrin cədvəlinin dibini tuturlar.

İndeksə daxil edilmiş 182 ölkədən 68-ində adambaşına gündə bir siqaretdən az düşür. 61 ölkədə isə ildə adambaşına 1000-dən artıq siqaret çəkilir.

Britaniya cədvəldə 76-cı yerdədir. Burada hər bir adam ildə 826 siqaret çəkir. ABŞ 1083 siqaretlə 57-ci yeri tutur.

FƏZAİL AĞAMALI: "DAXİLİ İŞLƏR NAZİRLİYİNƏ XÜSUSİ SƏLAHİYYƏT VERİLMƏLİDİR"

Maraqlıdır, bu qadağanı hansı formada tənzimləmək mümkündür? Bunun həll mexanizmi necə tapılacaq?

Millət vəkili Fəzail Ağamalı bildirdi ki, bu cəza mexanizmi həyata keçirilsə, situasiyaya adekvat ola bilər. Müsahibimiz bunu mümkün hesab edir: "Hər birimiz hansısa vaxtda, kafe-restoranda nahar, şam edirik. Yaxınlaşıb deyirəm ki, harda siqaret çəkmirlərsə, oranı göstərin. Kabinədə arağın iyi siqaretə, siqaretin iyi ayağa qarışıb. Xaricdə isə müştərini qarşılayan ofisiant öncə ondan siqaret çəkib-çəkmədiyini soruşur, ondan sonra isə müvafiq kabinetə yola salır. Azərbaycanda bunu etmirlər. Amma bizdə restoran sahibinə bu iradı bildirəndə qayıdır ki, "mən müştəriyə "burda siqaret çəkmək olmaz" deyə bilmərəm". 4 kabineti siqaret çəkməyən, beşincini isə siqaret çəkənlər üçün ayırsalar, heç bir problem olmaz halbuki. Həmin insanların eqoizmi, düşüncə səviyyəsinin aşağı olması bu problemləri yaradır. Burda iki problem var. İctimai iaşə obyektlərində siqratedən istifadə edən insanların digərlərinin hüquqlarını pozması, başqa bir tərəfdən restoranlarda pul üçün müştərilərini itirmək istəməməsi".

F.Ağamalı hesab edir ki, bu məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə xüsusi səlahiyyət verilməlidir. Onun sözlərinə görə, həm parklarda, həm küçələrdə kötük atanları, qadağan olunan yerlərdə siqaret çəkənləri dərhal aşkarlayıb, bunu aktlaşdırmaq, sanksiyalar tətbiq etmək lazımdır: "Mütəmadi olaraq restoran, kafelərdə reydlər keçirməlidilər. Vacib deyil ki, kiminsə əlində siqaretlə kimi tutsun. Amma xüsusi aparatla, qurğu ilə burda siqaret çəkilməsinin faizi, göstəricisi öz əksini tapacaq. Dərhal cərmilənməli və bu, ictimailəşdirilməli, mediada yer almalıdır. Hansısa obyekt 5-10 min manat cərimə olunsa, o biri restoranlar da bundan nəticə çıxaracaq".