XƏBƏRLƏR

23 Mart 2021

“Tütündən imtina üzrə “Qaynar xəttə” elə zənglər olur ki...” – PSİXOLOQUN AÇIQLAMASI

www.tibb.fed.az 

“Tütündən imtina üzrə “Qaynar xəttə” elə zənglər olur ki...” – PSİXOLOQUN AÇIQLAMASI

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən əhali üçün tütündən imtina üzrə xüsusi “Qaynar xətt” xidməti istifadəyə verildiyi 1 fevral 2021-i il tarixindən bu gunədək müxtəlif yaş kateqoriyalarından olan insanlar zərərli vərdişləri ilə bağlı zəng edərək dəstək alıblar. Tütündən asılılığı olanlar sırasında yeniyetmələr, qadınlar da həkim və psixoloqların yardımından faydalanıblar.

Tibb.fed.az saytının suallarını Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin psixoloqu Aysel Musayeva cavablandırır.

-Aysel xanım, tütündən zəng vasitəsilə, telefondan yardım almaqla xilas olaq mümkündür?

-Bəli. Tütün dünya əhalisinin qarşısı alına bilinən əsas ölüm səbəblərindəndir. Hesablamalara görə, tütünün törətdiyi xəstəliklər nəticəsində hazırda dünyada hər il 8 milyondan artıq insan vəfat edir, onların 1 milyonu ətrafa yayılan tütün tüstüsü ilə nəfəs alan passiv tütünçəkənlərdir. XX əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyduğu halda, XXI əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir. Amma bunun qarşısını almaq öz əllərimizdədir. İnam, iradə və  dözümlülüklə təkcə özünüzü deyil, yaxınlarınızı, əzizlərinizi də xilas edə bilərsiniz. . Çəkənlərin çoxu bu vərdişdən imtina etmək arzusundadır – onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər.

-Qaynar xəttə zəng edən şəxsin anonimliyi necə, təmin edilir?

-Bəli, bizim xidmət göstərdiyimiz qaynar xəttə zəng edənlərə anonimliyin qorunduğu ilə bağlı məlumat verilir. Ona görə də istənilən şəxs, ya yeniyetmə olsun, ya xanım, öz dərdlərini bizə danışıb siqaretdən qurtulmanın yollarını soruşurlar. Biz də hərtərəfli şəkildə onlara dəstək oluruq. Bu işdə həm psixoloqlarımız, həm də həkimlərimiz pasiyentlərə dəyərli məsləhətlər verirlər.

Siqareti tərgitdikdən sonra - NƏ BAŞ VERİR?

-Pasiyentdən, əsasən nələri soruşursunuz?

-İlk olaraq xroniki xəstəliklərinin olub-olmadığını xəbər alırıq.

Evliliyini, övladlarının olub-olmadığıni, işləyib-işləmədiklərini soruşuruq. Övladları varsa, valideyninin siqaret çəkməsinə münasibəti barədə fikirlərini öyrənirik. Həmçinin gün ərzində çəkdiyi siqaretlərin sayı ilə maraqlanırıq. Bəzi adamlar səhər yuxudan oyanan kimi siqaret çəkir, bəziləri yemək yeyəndən sonra, beə hallarda yuxudan oyanmaqla siqaret çəkmək arasındaki zamanı dəqiqləşdiririk. Pasiyentin qaynar xəttə zənginə qədər siqareti tərgitməyə cəhd göstərib-göstərmədiyi ilə də maraqlanırıq. Məsələn, siqareti tərgitməyə cəhd göstərib lakin bunu bacarmayanların psixoloji durumunu müəyyənləşdiririk. Məsuliyyətli yanaşacaq, inanırsa atacaq və s. hallarin öyrənilməsi vacibdir. Həmçinin siqareti hansı situasiyalarda və hansı aralıqda çəkdiyi ilə bağlı suallar veririk.

Bu suallardan sonra hansı hal keçirdiyini, nələrin baş verdiyini soruşuruq.  Siqaret çəkmək zamanı gələndə insanda bəzi hallar baş verir. “Abstinent” sindromu adlanır bu hal. Baş ağrısı, əsəbilik, əllərin əsməsi, narahatçılıq və gərginliyin yaranması müşahidə olunur. Pasiyentə bu sindrom barədə bilgi veririk. Məlumatlı olanda asılılığına qarşı müqaviməti daha da güclənir. Psixoloq öz tövsiylərini, həkimlər isə öz tövsiyələrini verir.

- Pasiyentin siqareti tərgitdiyi və ya nəticə ilə bağlı məlumatı hardan alırsınız? Yəni göstərilən xidmətin səmərəliliyi barədə hər hansı məlumat toplanır?

-Bəli. Bizim vəzifəmiz vətəndaşlarımızın tütündən asılılığına son qoymaq üçün yardım göstərməkdir. Telefon zəngindən 7-10 gün sonra həmin adamlara geri zəng edilir və bu müddət ərzində nə qədər siqaret çəkdikləri, umümiyyətlə çəkib-çəkmədikləri kimi sualları verilir. Eşidəndə ki, əksər insanlar siqareti tərgidiblər, biz də çox sevinirik. Zəng edənlər arasında özü üçün deyil, valideyni, övladı üçün məsləhət istəyənlər də olur. Siqaret çəkənlərin böyük əksəriyyəti bunu bir qayda olaraq fiziki asılılıq kimi anlayır. Əslində isə bu, pxisoloji asılılıqdır. Biz bu halı onlara anladırıq.

-Maraqlı hallarla rastlaşdığınız olub heç?

-Əlbəttə. Bir nəfər yığmışdı ki, həyat yoldaşım siqaret çəkəndir, bizim 4 uşagımız var. 3-4 yaşlı oglum atasını təqlid edir. Bunun qarşısını necə almaq olar? Belə halda yoldaşı ilə söhbət eləməyə üstünlük veririk.

İnsanların əsəbdən, işsizlikdən, ailədaxili münasibətlərdən əsəbləşərək bu zərərli vərdişə öyrəndikləri normal gələ bilər. Amma pasiyentlərdən biri zəng edib hər cür təminatının olduğu halda siqaretdən xilas ola bilmədiyindən şikayətlənirdi. Hətta sual edirdi ki, axı mən nə üçün siqaret çəkirəm? Ona da faydalı gəldi qaynar xəttə müraciət etməyi.

-İnsanlarımız bu xidmət haqqında məlumatlıdırlarmı?

-Bəli, biz monitorinqlər aparıb real vəziyyəti təhlil etmişik. KİV-də, saytlarda, digər vasitələrdə bu qaynar xətt barədə kifayət qədər məlumatlar verilib. Bizimlə təkcə telefon deyil, Whatsapp və elektron poçt vasitəsilə əlaqə saxlamaq mümkündür. Saytınız vasitəsilə əlaqə nömrələrimizi yenidən xatırladaq: Tütündən imtina üzrə “Qaynar xətt”: (+994 050) 800 70 45, e-mail: [email protected]. Həftənin 5 günü (şənbə və bazar günləri istisna olmaqla), saat 10.00-14.00 zəng edib, tibbi-psixoloji tövsiyə əldə etmək mümkündür.