XƏBƏRLƏR

27 Yanvar 2017

Siqaretin ədədlə satışı qadağan oluna bilər

www.publika.az

Azərbaycanda mağazalarda və köşklərdə siqaretin ədədlə satışı qadağan oluna bilər.

Bu məsələni qaldıran Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü İlham Məmmədov bildirib ki, yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinə bununla bağlı müddəanın əlavə edilməsini təklif edib.

İ.Məmmədov bildirib ki, xüsusən də orta məktəblərə yaxın yerlərdə, qəzet köşklərində siqaret ədədlə satılır: “Həmçinin marketlərdə siqaret qutusunu açıb dənə-dənə satırlar. Siqareti ədədlə kim üçün satırlar?! Bununla cibində 20-30 qəpik olan yeniyetmələri, məktəb şagirdlərini şirnikləndirirlər. Siqareti dənə ilə böyük adamlar almır ki. Əsasən, məktəb yaşlı uşaqlar məktəbdən qaçıb siqaret alır və gizli yerlərdə çəkirlər. Ona görə də biz fikirləşirik ki, yeni qanun layihəsində bu halların qadağan olunması üçün maddələr əlavə edək, cərimələri sərtləşdirək”.

Deputat qeyd edib ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi tütün istehsalına qarşı yönəlimiş bir tədbir deyil:

“Bu, sadəcə tütün istehlakçılarının sağlamlığının qorunmasına xidmət edən bir qanun layihəsidir. Tütün istehsalı dünya iqtisadiyyatının ayrılmaz bir hissəsidir. Ancaq istehlakçıları da qorumaq lazımdır. Biz əsasən təbliğatla məşğul olacağıq ki, ictimai yerlərdə, kütləvi yerlərdə, ictimai nəqliyyatda, restoranlarda, əhalinin sıx olduğu digər yerlərdə siqaret çəkilməsi qadağan olunsun”.