XƏBƏRLƏR

30 Yanvar 2017

Tütünlə mübarizəyə dair Texniki Məsləhət Qrupu yaradılıb

www.sia.az 

Azərbaycanda tütünlə mübarizəyə dair qanunvericiliyin gücləndirilməsi layihəsi çərçivəsində Texniki Məsləhət Qrupu (TMQ) yaradılıb. Qrupun tərkibinə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi məqsədilə Səhiyyə Nazirliyində fəaliyyət göstərən İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), habelə müvafiq dövlət qurumlarının və QHT-lərin nümayəndələri daxildir.

Yanvarın 30-da Texniki Məsləhət Qrupu İSİM-də “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində media nümayəndələri üçün brifinq keçirib.

Brifinqdə İSİM-in direktor müavini Rahib Məmmədov, habelə Mərkəzin əməkdaşları - əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev, səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov və layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə, həmin şöbənin həkim-metodisti Şəhla Mirzəzadə və başqaları qeyd ediblər ki, XX əsrin ikinci yarısında bir sıra ölkələrdə ölüm hallarının əsas səbəblərində prinsipial dəyişikliklər baş verib. Qan dövranı sistemi, onkoloji və bronxial-ağciyər xəstəlikləri, habelə şəkərli diabet kimi xroniki qeyri-infeksion xəstəliklər önə çıxıb.

Azərbaycanda əhalinin xəstələnməsi faktlarının 80 faizdən çoxu qeyri-infeksion xəstəliklərlə bağlıdır. Problemin aktuallığı nəzərə alınaraq Azərbaycan Prezidentinin 2015-ci il 23 dekabr tarixli Sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” təsdiq edilib. Dövlətimizin başçısının Sərəncamını icra etmək üçün Mərkəz müntəzəm olaraq ictimaiyyət üçün informasiya-maarifləndirmə tədbirləri keçirir, gənclər arasında səhiyyə məsələlərinə dair forumlar təşkil edir.

Brifinqdə iştirak edən jurnalistlərə Mərkəzin Azərbaycanda siqaret çəkməyə qarşı mübarizə istiqamətində, habelə ictimai səhiyyənin aktual problemi sayılan siqaret çəkməyin ziyanı haqqında əhalinin məlumatlandırılmasına dair müntəzəm həyata keçirdiyi tədbirlər haqqında məlumat verilib.

Qeyd edilib ki, 2016-cı il noyabrın 1-dən etibarən İSİM-in ambulatoriya şöbəsində pilot tibbi məsləhət kabineti və tütünçəkmədən imtina üzrə xüsusi “qaynar xətt” yaradılıb. Burada tütün asılılığından əziyyət çəkən və tütünçəkmədən imtina etmək istəyən şəxslərə peşəkar tibbi yardım göstərilir, psixoloji məsləhətlər verilir.

Brifinqdə tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində hökumətlə vətəndaş cəmiyyəti arasında körpü rolunu oynayan KİV-lərə bu mübarizədə xüsusi yer ayrıldığı vurğulanıb.

Diskussiyalarda tütün əleyhinə mübarizə sahəsində əməkdaşlığın gücləndirilməsi məsələlərinə dair fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr dinlənilib, gələcək addımlar nəzərdə tutulub.