XƏBƏRLƏR

9 Oktyabr 2015

Maarifləndirmə tədbirində tələbələrə zərərli vərdişlərə qarşı mübarizənin vacibliyindən söhbət açılıb

Oktyabrın 8-də Azərbaycan Dillər Universitetində (ADU) “Sağlam həyat tərzi sağlam gələcəyə zəmanətdir” layihəsi çərçivəsində “Sağlam cəmiyyət naminə” mövzusunda tədbir keçirilib.

ADU-dan AZƏRTAC-a bildirilib ki, universitetin mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının baş müəllimi Sədaqət Musayeva sağlam cəmiyyətin formalaşmasında dünya ölkələrində olduğu kimi, ölkəmizdə də zərərli vərdişlərə qarşı mübarizənin vacib olduğunu diqqətə çatdırıb. Universitetdə bu yöndə bir çox maarifləndirmə tədbirlərinin həyata keçirildiyini qeyd edən S.Musayeva bu işdə gənclərin fəallığının əhəmiyyətli olduğunu deyib.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əməkdaşları “Tütünçəkmənin zərərləri” mövzusunda iştirakçılara geniş məlumat veriblər. Onlar tütünçəkmənin narkomaniyanın əsası olduğunu bildirərək, bunun nəticəsində yaranan xəstəliklər və fəsadlar haqqında danışdılar.

Tədbirdə tütünçəkmənin zərərlərini əks etdirən videoçarx nümayiş olunub.

Gənclərin, əsasən yeniyetməlik dövründə zərərli vərdişlərə maraq göstərdiyini qeyd edən psixoloq Mehriban Qafarova bu məsələdə ətraf mühitin təsirinin böyük rolu olduğunu deyib.

Sonra “Alkoqol və qeyri-sağlam həyat tərzi” mövzusunda məruzə dinlənilib.

Mülki müdafiə, tibbi biliklərin əsasları və bədən tərbiyəsi kafedrasının müdiri, dosent Sevda

Zamanova universitetdə hər il bu yöndə müxtəlif maarifləndirilmə tədbirlərinin keçirildiyini və həmin tədbirlərdə tələbələrin fəal iştirak etməsinin sevindirici hal olduğunu vurğulayıb.

Sonda tədbir iştirakçılarına bukletlər paylanıb.