BAKI, 14 fevral — Sputnik. Son vaxtlar uşaqlar arasında elektron siqaretlərdən istifadə hallarına çox rast gəlinir. Xüsusilə məktəb yaşlı uşaqların elektron siqaretə aludəçiliyi artıb. İctimai yerlərdə yeniyetmələrin "aromatlı qəlyan" adlanan elektoron siqaret istifadə etdiyinin şahidi oluruq.
Uşaqlarda "elektoron siqaret" və qəlyanlara aludəçilik niyə artır?
15 yaşlı Binəqədi qəsəbə sakini Oruc Salmanov (adı şərtidir ) Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, artıq bir ilə yaxındır, elektron siqaret çəkir. O, "aromatlı qəlyan" adlandırdığı elektron siqaretin adi siqaretdən daha təhlükəsiz olduğunu zənn edir. Onun fikrincə, elektron siqaret asılılıq yaratmır və dadı siqaretlə müqayisədə daha yaxşıdır.
15 yaşlı həmsöhbətimiz 10 gündən bir elektron siqaret aldığını söyləyir. Onun sözlərinə görə, elektron siqareti almaq üçün pulu internetdən, Instagramda yeni oyun səhifələri hazırlayıb satmaqla qazanır. O, hər on gündən bir elektron siqaretə 18 manat pul xərclədiyini bildirir.
Oruc "məhəllə uşaqları" adlandırdığı digər həmyaşıdları arasında da elektron siqaretə maraq olduğunu gizlətmir.
Valideynlər narahatdır!
Elə valideynlər də elektron siqaretlərin uşaqlar arasında populyarlaşmasından narahatdırlar. Günel Kazımova adlı valideyn övladının elektron siqaret istifadə etdiyini söyləyir. Bildirir ki, uşaqlar arasında bu hal günü-gündən artır. Valideynin sözlərinə görə, uşaqlar elektron siqaretləri bir-biriləri ilə paylaşırlar. Bu isə onlar arasında xəstəliklərin yayılmasını artırır.
İki oğlu olan G. Kazımova elektron siqaretlərin yeniyetmələrə satılmasının təhlükəli həddə çatdığını bildirib.
Yeniyetmələrə qəlyan satılır
Satıcılar da elektron siqaretlərə yeniyetmələr arasında aludəçiliyin artdığını söyləyirlər.
"Sahil Ticarət Mərkəzi"ndə həmsöhbət olduğumuz satıcı bildirdi ki, o, 18 yaşa çatmayanlara elektron siqaret satmır. Amma əksər mağazalarda elektron siqaretlərin yeniyetmələrə satıldığının şahidi olub.
Qeyd edək ki, elektron siqaretlərin qiyməti 18 manatdan 30 manatadək dəyişir. Amma satışda 140 manata da elektron qəlyanlar var.
Tədqiqat aparılmalıdır
Səhiyyə Nazirliyi yanında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev Sputnik Azərbaycan-a açıqlamasında elektron siqaretlərin daha çox təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, hazırda uşaqlar arasında elektron siqaretə, qəlyana marağın nə qədər olduğunu rəsmi rəqəmlərlə söyləmək mümkün deyil. Çünki pandemiyadan sonra belə bir tədqiqat aparılmayıb:
"Uşaqlar arasında siqaretə aludəçiliklə bağlı tədqiqat ÜST-ün dəstəyi ilə 2012-ci ildə aparılmışdı. O zaman elektron siqaretdən istifadə az idi. Amma indi dövr dəyişib, elektron siqaretlərə tələbat artıb. Biz özümüz də belə hallarla tez-tez qarşılaşırıq. Ona görə də bununla bağlı yeni tədqiqat aparılmaldıır".
Həmsöhbətimizin dediyinə görə, dünyada belə bir tendensiyası var ki, uşaqlar əvvəl elektron siqaretlə başlayır, daha sonra siqaretə keçirlər. Elektron siqaret, qəlyanlar siqaretə keçməni dəstəkləyən vasitələrdir.
Elektron siqaret satışı
Aromatizatorlar elektron siqaret və qəlyanlara marağı artırır
T. Musayev qeyd edib ki, elektron siqaretləri aromatizatorlar dadlandırır. Bu maddələr tüstünü yüngülləşdirsə də, fəsadları daha ağırdır. Elektron siqaret və qəlyanlar xərçəng və sair xəstəliklərə yol aça bilər:
"Ağciyərlər təmiz hava almaq üçündür. Elektron siqaretlərin tütün tüstüsü buxardır. Onlarda olan kimyəvi maddələr bronxlara, ağciyərə daxil olaraq xəstəliklər yaradır. Elektron siqaret qıcıqlandırıcı effekt yaradır, müxtəlif xəstəlikləri üzə çıxardır. Xroniki xəstəlikləri isə oyadır".
Hansı daha təhlükəlidir?
"Siqaret təhlükəlidir, yoxsa, elektron siqaret" sualımıza T. Musayev belə cavab verib:
"Hansı mərtəbədən tullanmaq daha təhlükəlidir? Əlbəttə ki, mərtəbədən asılı olmayaraq, tullanan şəxsin həyatı üçün təhlükə var. Ona görə də, elektron siqaretin adi siqaretlə müqayisədə zərərinin az olduğunu söyləmək olmaz. Biz bununla yalnış mesaj ötürmüş olarıq".
Şöbə müdiri bildirib ki, "Tütün və tütün məmulatı haqqında" qanunun 15.3.6. bəndinə görə tütün məhsulları 18 yaşa çatmamış şəxslərə satılmamalıdır. Elektron siqaret və qəlyanlar da tütün məmulatları hesab edilir. Ona görə də, uşaqlara satılması qanunla qadağandır.
Elektron siqaret və qəlyanların uşaqlara təhlükəsi
Ftiziatr Elcan Məmmədbəyov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, elektron siqaretlə adi siqaretin orqanizmə zərərləri arasında elə kəskin fərq yoxdur. Onun sözlərinə görə hər ikisi eyni təhlükə yaradır. Elektron siqaret də tütündən asılılıq yaradır:
"Elektron siqaretdə sadəcə olaraq qətran yoxdur. Elektron siqaret və qəlyanlar onkoloji xəstəliklər yaradan zəhərli maddələrin orqanizmə daxil olmasını qismən əngəlləyir".
Həmsöhbətimiz bildirib ki, xüsusilə böyüməkdə olan orqanizmin nikotin qəbul etməsi daha təhlükəlidir. Çünki, həmin dövrdə nikotin orqanların tam formalaşmasını ləngidə bilər. Onun sözlərinə görə, insanda ağciyər 25 yaşa qədər formalaşır.
Siqaret aludəçilərinin rəsmi statistikası
Məlumat üçün bildirək ki, Azərbaycan 2005-ci ildən "Tütünə qarşı mübarizə haqqında" ÜST-nin Çərçivə Konvensiyasına qoşulub. Bu, dünyada ən uğurlu icra edilən konvensiyalardan hesab olunur.
Rəsmi statistikaya görə, Azərbaycand siqaret çəkənlərin 0.2 faizi 15-19 yaşda, 13.4 faizi 20-44 yaşda, 21.7 faizi 45-64 yaşda, 30.5 faizi 65 yaşdan yuxarı olan şəxslərdir. 15-19 yaşlılar 1.8 il, 20-44 yaşlılar 10.1 il, 45-64 yaşlılar 21.7 il, 65 yaşlılar isə 30.5 il siqaret çəkir. 15-19 yaşlılar gündəlik olaraq orta sayla 9.5, 20-44 yaşlılar 13.9, 45-64 yaşlılar 15.5, 65 yaşdan yuxarı olan şəxslər isə 15.4 ədəd siqaret çəkirlər.
"Tobacco Atlas"-ın (https://tobaccoatlas.org/country/azerbaijan/) Azərbaycanla bağlı bir neçə il öncə açıqladığı hesabata görə, Azərbaycanda hər il 15 min nəfər tütün və onun yaratdığı müxtəlif xəstəliklərdən dünyasını dəyişir. Hesabatda qeyd edilir ki, 10-14 yaşlı 8 min uşaq, 1373000 yeniyetmə siqaretdən, tütündən istifadə edir.