Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən Suraxanı Rayon İcra Hakimiyyəti və Ellab Diaqnostik Mərkəzi ilə əməkdaşlıqla 31 may – Ümumdünya Tütünsüz Gününə həsr olunmuş maarifləndirici aksiya keçirilib. Aksiyanın məqsədi tütünçəkmə və digər zərərli vərdişlərin sağlamlığa mənfi təsirləri barədə əhali arasında məlumatlılığın artırılması olub.
Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva, Ellab Diaqnostik Mərkəzin həkim-kardioloqu Jalə Abbasova çıxış edərək, ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyətini vurğulayıblar. Bildirilib ki, son vaxtlar dünya ölkələrində qeyri-infeksion, o cümlədən ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkənlərin sayının çoxalması bir sıra amillərlə sıx bağlıdır. Əsas risk amillərinə isə, tütünçəkmə və digər zərərli vərdişlərə aludəlik, fiziki passivlik, artıq çəki, piylənmə və qeyri-sağlam qidalanma aiddir. Xəstəliklərin əsas risk amillərinin qarşısını almaq üçün iştirakçılara sağlam həyat tərzi seçmək təşviq edilib, bu mövzulara dair maarifləndirici materiallar paylanılıb.
Aksiya çərçivəsində iştirakçılar ilkin müayinələrə (təzyiq və nəbzin ölçülməsi, qanda şəkərin miqdarının təyin edilməsi) dəvət ediliblər, onlara həkim və kardioloq, ictimai səhiyyə mütəxəssisləri tərəfindən tövsiyələr verilib.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il 31 may - Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. Bu tarixlə bağlı bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda hər il əhalinin tütünçəkmənin təhlükəli təsiri barədə maarifləndirməsi istiqamətində kütləvi tədbirlər, aksiyalar təşkil olunur.