XƏBƏRLƏR

4 İyun 2024

Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi festivalda iştirak edib

www.isim.az

Bakı Kristal Zalında 1-2 iyun 2024-cü ildə beynəlxalq oyun festivalı keçirilib.  Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) festivalda “Sağlam həyat tərzi seç!” guşəsi ilə iştirak edib. İSİM tərəfindən hazırlanaraq əhalinin istifadəsinə verilən “Burla Xatun”, “Sağlam uşaq”, “Sağlam qida”, “Tütündən imtina et” və digər mobil tətbiqlər, marifləndirici kompüter oyunları, çap materialları və s.vəsaitlər çoxsaylı iştirakçılara təqdim olunub. Müxtəlif dövlət qurumları, beynəlxalq və yerli təşkilatlar innovativ layihələri, stendləri ilə festivalda təmsil edilib.

İSİM tərəfindən uşaqlar, valideynlər və müəllimlər üçün hazırlanaraq istifadəyə verilən “Sağlam uşaq” portalı və mobil tətbiqi barədə ziyarətçilərə ətraflı məlumat verilib. Portalda təqdim olunan maarifləndirici kompüter oyunları və videolar məktəblilər və valideynləri tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, GameSummit Summer-2024 Azərbaycanda üçüncü belə tədbirdir və hər dəfə keçiriləndə regionda böyük hadisəyə çevrilir. Festival video oyunlara və müasir əyləncə formalarına sevgini ifadə etmək üçün platforma təqdim edir. Tədbir oyun yaradıcılarına, müstəqil tərtibatçılara istedadlarını nümayiş etdirmək və peşəkarlarla, məşhur oyunçularla görüşmək, əlaqə qurmaq imkanı yaradır.