Azərbaycanda yetkinlik yaşına çatmayanlara tütün məmulatlarının (siqaret) satışı, yetkinlik yaşına çatmayanların tütün ticarətinə cəlb edilməsi qadağan edilir, bütün satış məntəqələrində tütün məmulatlarının satışı zamanı yaş həddinin müəyyənləşdirilməsi üçün şəxsiyyəti təsdiq edən sənəd tələb olunacaq.
Yeni hazırlanmış “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin 13-cü (Yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışının və tütün istifadəsinin qadağan edilməsi, bu prosesə uşaqların cəlb olunmasının qadağan edilməsi) maddəsində göstərilir ki, yetkinlik yaşına çatmayanlara və yetkinlik yaşına çatmayanlar tərəfindən tütün məhsullarının satışı, alınması və ya verilməsi, tütün məmulatlarından hər hansı üsulla istifadənin təklif olunması və ya tələb edilməsi yolu ilə tütün istifadəsi prosesinə uşaqların cəlb olunması qadağan edilir.
Maddədə göstərilir ki, tütün məhsullarının buraxılmasını bilavasitə həyata keçirən şəxs (satıcı) tütün məhsulunu istifadə edən şəxsin (alıcının) yetkinlik yaşına çatmasına şübhə etdikdə satıcı alıcıdan onun şəxsiyyətini təsdiq edən və ya yaşını müəyyən etməyə imkan verən sənəd tələb etməlidir. Sənədlərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Maddədə həmçinin bildirilir ki, alıcının yetkinlik yaşına çatmasına şübhə olduqda, alıcının şəxsiyyətini təsdiq edən və onun yaşını müəyyən etməyə imkan verən sənəd təqdim edilmədikdə, satıcı tütün məhsulunu alıcıya satmaqdan imtina etməyə borcludur.
Maddənin sonunda o da qeyd olunur ki, yetkinlik yaşına çatmayan şəxslərin tütündən istifadəsinə icazə verilmir.