Tütünlə mübarizə üzrə Ümumdünya Konfrans Vərəm və Ağciyər Xəstəliyinə Qarşı Beynəlxalq Birlik (The Union) və ictimai səhiyyə üzrə beynəlxalq təşkilat olan Vital Strategies tərəfindən İrlandiyanın paytaxtı Dublin şəhərində təşkil edildi.
Bu beynəlxalq konfrans dünya ölkələrindən olan tütünlə mübarizə üzrə müxtəlif sahələrdə çalışan ekspertləri bir araya gətirərək tütünlə mübarizə istiqamətində yerli, regional və beynəlxalq əməkdaşlığı yaratmaq, eləcə də tütünlə mübarizə istiqamətlərində ən son sübut və təcrübələr haqqında fikirləri səsləndirmək və öyrənmək üçün unikal imkanlar yaratdı.
Bu əməkdaşlıq dövlətlər və ya regionlar üçün eyni olan problemlərin müzakirəsini həyata keçirməklə beynəlxalq tütünlə mübarizə şəbəkəsini möhkəmləndirməyə, informasiya mübadiləsi aparmağa, nailiyyətləri və problemləri bölüşməyə, müxtəlif mədəni və iqtisadi inkişafa malik dövlətlərin bilik və təcrübəsini paylaşmağa xidmət edir.
Dünya miqyasında geniş yayılmış və ictimai səhiyyənin aktual məsələlərin birinə çevrilmiş tütün epidemiyasına qarşı mübarizə tədbirlərinin gücləndirilməsi baxımından əhəmiyyəti nəzərə alınaraq 23-26 iyun 2025-ci il tarixdə İrlandiyanın paytaxtı Dublin şəhərində keçirilən Konfransda Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev iştirak etdi.
Tütünә qarşı mübarizә haqqında ÜST-nin Çәrçivә Konvensiyasının qüvvəyə minməsinin 20-ci il dönümündə keçirilən bu konfrans ərzində dünya ölkələrinin mütəxəssisləri çoxsaylı plenar iclaslarda, simpoziumlarda və müzakirələrdə fəal iştirak etdilər. İştirakçılar həmçinin təmsil etdikləri ölkələrin təcrübəsini bölüşdülər, tütünlə mübarizə istiqamətində aparılmış fəaliyyət və tədqiqatlardan bəhs etdilər.
Konfransın təntənəli mərasimində çıxış edən ÜST-nin Baş Direktoru Dr. Tedros Adhanom Qebreyesus qeyd etdi ki, Çərçivə Konvensiyasının qəbul edilməsindən sonra ötən illər ərzində bir çox nailiyyətlər əldə edilməsinə baxmayaraq, tütünlə mübarizə tədbirləri insan həyatının qorunması və gələcək nəsillərin sağlam dünyada yaşanması üçün davam etdirilməlidir ki, biz birlikdə tütün epidemiyasına son qoya bilək.