Ötən gün Milli Məclisin plenar iclasında “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi I oxunuşda müzakirəyə çıxarılsa da layihə həm deputatlar, həm ekspertlər, həm də sıravi vətəndaşların geniş müzakirə obyektinə çevrilib. Hansı məkanlarda tütündən istifadə edilməməlidir? Qanun layihəsi nəyi dəyişəcək? SİA məsələyə aydınlıq gətiməyə çalışıb.
Milli Məclisin deputatı Hikmət Məmmədov bildirib ki, siqaret böyük, sosial bəladır. Əslində siqaret çəkmək narkomaniyanın ilk mərhələsi, başlanğıcıdır: “Müəyyən yaş həddində dünyada hər 4 kişidən biri siqaret istifadəçisidir. Lakin Azərbaycanda hər iki nəfərdən biri siqaret çəkir. Bu çox böyük rəqəmdir. Buna yol vermək olmaz. Ona görə də düşünürəm ki, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin qəbuluna ciddi ehtiyac var. Qanunun 1-ci maddəsinin 1-ci bəndində tütün məmulatlarının adları əks olunsa da, burada sulu qəlyanın adı çəkilməyib. Sulu qəlyan da tütün məmulatlarından hazırlanan bir vasitədir. Digər məmulatlarda təsvir olunan bənzərlikləri onda da tapmaq lazımdır. Belə olan halda, burada ziddiyət yaranır və bunu aradan qaldırmaq lazımdır. Sulu qəlyanın da qadağan edilməsi yaxşı olardı".
Tütün məmulatlarının anti-reklamında kütləvi informasiya vasitələrinin rolunun böyük olduğunu deyən millət vəkili qeyd edib ki, qanun layihəsində bu məsələyə də yer verilib: “Amma bu vəzifə qanunla elektron mediaya şamil edilir. Çap mediası da bu işi görə bilər. Qanunda Səhiyyə Nazirliyinin və digər qurumların anti-reklamlar hazırlamaqla bağlı adları çəkilir. Bu işi çap mediasında reallaşdırmaq olar. Bu məqsədlə belə reklamların hansı qəzetlərdə nəşri ilə bağlı kriteriyalar müəyyənləşdirilməli və ayda bir dəfə müəyyən ölçüdə anti-reklam yerləşdirilə bilər. Bu prosesə könüllü qeyri-hökumət təşkilatları, biznes qurumları qoşula bilər və çap mediasında da ödənişli sosial reklam çərçivəsində bu proses həyata keçirilsin. Çünki mətbuatın mühüm bir funksiyası cəmiyyəti maarifləndirməkdən ibarətdir”.
Hüquq müdafiəçisi Səməd Vəkilov isə bildirib ki, dünyanın bir çox ölkələrində ictimai yerlərdə siqaretin çəkilməsi qadağan edilsə də ən sərt qadağa qardaş Türkiyədədir: “Digər ölkələrdə də tütün məmulatlarının istifadəsi ilə bağlı qadağalar var. Buna əməl etməyənlər cərimə ödəyir. Türkiyədə hava limanında, ictimai yerlərdə siqaretin çəkilməsi qadağan olunmaqla yanaşı, hətta filmlərdə belə siqaretin göstərilməsi qadağan edilib. Lakin bunun düzgün hesab etmirəm. Çünki, bu hal əksinə insanlarda daha da maraq oyada bilər”.
S.Vəkilov qeyd edib ki, tütündən istifadəyə görə heç bir ölkənin qanunvericiliyinə inzibati həbs nəzərdə tutulmayıb: “Əgər bir şəxs qanunu davamlı şəkildə pozsa o zaman həbs haqqında düşünmək olar. İctimai nəqliyyatda, insanların, xüsusilə də uşaqların olduğu yerlərdə siqaretin çəkilməsi düzgün deyil. Siqaret çəkənlər üçün xüsusi yerlər ayrıla bilər”.
Sulu qəlyanı da məhdudlaşdırılan tütün məmulatlarının siyahısına daxil edilməsi məsələsinə gəlincə, hüquq müdafiəçisi söyləyib ki, sulu qəlyan meyvələrdən hazırlanmasına baxmayaraq tüstü istehsal etdiyinə görə, sulu qəlyan da məhdudlaşdırıla bilər: “Ümumiyyətlə, bu məsələni cəmiyyətin öhdəsinə buraxmaq daha yaxşı olar.
Məsələ ilə bağlı paytaxt sakinlərin də fikrini öyrəndik.
Ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanun layihəsinin qəbul edilməsinin yaxşı hal olduğunu deyən Bakı şəhər sakini Minarə Hacıyeva söyləyib ki, insanların tütün tüstüsündən ən çox ziyan çəkdiyi yerlər məhz ictimai məkanlardır: “Xüsusilə də dayanacaqlarda tütün tüstüsündən dayanmaq olmur. Xəstəxanalarda, şadlıq saraylarında, ictimai nəqliyyatda və digər yerlərdə insanların siqaret çəkməsi digərlərini narahat etməklə yanaşı, onların sağlamlığına ziyan vurmuş olur. Bu baxımdan ölkmizdə siqaretdən istifadənin məhdudlaşdırılması bundan əziyyət çəkən insanlar üçün qurtuluş yolu olacaq”.
Tütündən istifadə etməyən Mamed Şaxtantinski bildirib ki, siqaret çəkmək insanlara həm maddi, həm də sağlamlıq baxımından ziyan vurur: “Siqaret çəkməyin sağlamlığa böyük ziyanı var. Tütün istifadəçisi olmadığıma görə digərlərinə də bunu məsləhət görmürəm. Çox təəssüf ki, Azərbaycanda tütündən istifadə edənlərin sayı çoxdur. Ən pisi isə ictimai yerlərdə istifadə edilməsidir. İctimai nəqliyyatda vəziyyət daha pisdir”.
Digər sakinimiz Ruqiyyə Nəcəfzadə söyləyib ki, avtobuslarda sürücülərin siqaretdən istifadə etmələrinə qadağa qoyulsa da, bir çoxları buna əməl etmir: “Bəzi restoranlarda siqaret çəkənlər üçün yer ayrılsa da, digərlərində bunu görmək olmur. Xüsusilə də yol gedə-gedə siqaret çəkmək düzgün hal deyil. Bəzi idarə və təşkilatların dəhlizlərindən keçmək belə mümkün deyil. Tütün tüstüsü sağlamlığıa çox ziyanlıdır. Buna görə siqaret çəkənlər həm özlərinə, həm də ətarafdakılara ziyan vururlar. Elə valideynlər var ki, uşağını parka gəzməyə aparır, amma dayanıb yanında siqaret çəkir. Bu, yolverilməzdir. Orada onlarla uşaq tütün tüstüsündən ziyan çəkmiş olur”.
Qeyd edək ki, aprelin 14-də Milli Məclisdə müzakirəyə çıxarılan "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsi I oxunuşda qəbul olunub.