Son illərdə elektron siqaretlər, xüsusilə, gənclər və yeniyetmələr arasında sürətlə yayılaraq gündəlik vərdişə çevrilib. Əksər hallarda "zərərsiz alternativ" kimi təqdim olunan bu məhsulların arxasında isə ciddi sağlamlıq riskləri dayanır. Mütəxəssislər xəbərdarlıq edirlər ki, elektron siqaretlər tərkibindəki nikotin və kimyəvi maddələrə görə gənc orqanizm üçün ənənəvi tütün məhsullarından az təhlükəli deyil, bəzi hallarda isə daha ağır fəsadlara yol aça bilər.
Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev bildirib ki, aparılan tibbi araşdırmalar elektron siqaretlərin inkişaf mərhələsində olan orqanizm üçün ciddi təhlükələr yaratdığını açıq şəkildə təsdiqləyir:
“İlk növbədə, beyin inkişafına mənfi təsirləri qeyd etmək lazımdır. İnsan beyni təxminən 25 yaşadək inkişaf edir. Bu dövrdə nikotindən istifadə beynin strukturuna zərər vurur, diqqət, yaddaş və öyrənmə qabiliyyətinə cavabdeh olan neyron əlaqələrini zəiflədir. Nəticədə, gənclərdə emosiyaların idarə olunması və qərarvermə mexanizmlərində problemlər yaranır".
Musayevin sözlərinə görə, elektron siqaret buxarı cəmiyyətdə düşünüldüyü kimi sadəcə “su buxarı” deyil. Onun tərkibi müxtəlif kimyəvi maddələrdən ibarət aerozoldur:
"Bu buxarın tərkibində nikel, qurğuşun və qalay kimi ağır metallar, eləcə də müxtəlif dadlandırıcılar mövcuddur. Həmin maddələr ağciyər toxumasında iltihab və çapıqlaşma yarada bilər. Elektron siqaretdən istifadə edən gənclərdə xroniki bronxit əlamətləri daha tez-tez müşahidə olunur, astma xəstəliyi kəskinləşir və yeni tənəffüs problemləri ortaya çıxır. Bu da ağız boşluğunda da bir sıra xəstəliklərin yaranmasına gətirib-çıxarır".
Müsahibimiz vurğulayıb ki, elektron siqaretlərin təsiri təkcə tənəffüs sistemi ilə məhdudlaşmır. Nikotin ürək-damar sisteminə də ciddi təsir göstərir:
"Nikotin ürək döyüntüsünü sürətləndirir, qan təzyiqini artırır və erkən yaşlarda ürək problemləri riskini yüksəldir. Mayelərin tərkibindəki yüksək nikotin konsentrasiyası kəskin zəhərlənmələrə səbəb ola bilər. Bundan əlavə, cihazların texniki nasazlığı fiziki xəsarətlər riski yaradır. Elektron siqaretlərin şərikli istifadə olunması isə infeksiyaların, o cümlədən vərəmin yayılması üçün əlverişli şərait formalaşdırır".
Tofiq Musayev “daha az zərərlidir” ifadəsinin çox zaman yanlış anlaşıldığını da xüsusi qeyd edir:
"Daha az zərərli demək, tamamilə təhlükəsiz demək deyil. Elektron siqaret buxarının tərkibində tütün tüstüsündə olan bir sıra təhlükəli kimyəvi maddələr mövcuddur. Bəzi məhsullarda toksik maddələrin səviyyəsi adi siqaretlərdəki ilə eyni, hətta bəzən daha yüksəkdir. Bu maddələrin hüceyrədaxili təsiri xərçəng riskini artıra bilər",-deyə o vurğulayıb.
Müsahibimiz əlavə edib ki, Ümumdünya Səhiyyə Təşkilatı elektron siqaretlərin satışının məhdudlaşdırılmasını tövsiyə edir:
“Elektron siqaretlərin daha təhlükəsiz və ya siqareti tərgitmə vasitəsi kimi təqdim olunması, əsasən, marketinq üsuludur. Siqaret çəkməyən insanlar üçün elektron siqaret ‘'daha az zərərli’' deyil, birbaşa zərərlidir. Müqayisə ənənəvi siqaretlə yox, təmiz hava ilə aparılmalıdır. Heç nə çəkməyən orqanizm üçün elektron siqaret ağciyərlərə ağır metallar, kimyəvi maddələr və asılılıq yaradan nikotin daxil edir. Dadlandırıcılardan bəziləri, məsələn diasetil, ‘'popkorn ağciyəri’' kimi tanınan ciddi ağciyər zədələnmələrinə səbəb ola bilər",-deyə o qeyd edib.
Musayevin sözlərinə görə, gənclər nikotinə daha tez asılılıq qazanır və bu onların psixi sağlamlığına ciddi təsir göstərir:
"Nikotin beyində dofamin ifrazını artıraraq müvəqqəti həzz hissi yaradır. Beyin bu hissə alışdıqca daha çox nikotin tələb edir. Gənclərdə neyron əlaqələr daha sürətlə formalaşdığı üçün asılılıq da daha tez yaranır. Müasir elektron siqaretlərdə istifadə olunan nikotin duzları yüksək dozaların asanlıqla qəbuluna imkan verir və asılılığı daha da gücləndirir".
Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən səhiyyə eksperti Adil Qeybulla isə elektron siqaretlərin tarixçəsinə toxunaraq bildirib ki, bu məhsullar ilkin mərhələdə siqareti tərgitmək məqsədilə yaradılıb:
“Elektron siqaret ideyası ötən əsrin 70-ci illərində ortaya çıxıb. Məqsəd siqaret çəkənlərə kömək etmək idi. Lakin sonradan bu məhsullar geniş yayılaraq yeni problemə çevrildi. Elektron siqaretlərin tərkibindəki nikotin adi siqaretdəki ilə eyni dərəcədə asılılıq yaradır. Aromatizatorlar isə yanma zamanı kanserogen maddələr əmələ gətirir və bu maddələr bronxlara düşərək xərçəng riskini artırır".
Ekspert vurğulayıb ki, bu səbəbdən bir sıra ölkələrdə elektron siqaretlərin qadağan olunması məsələsi gündəmə gəlib və əsas çıxış yolu maarifləndirmənin gücləndirilməsidir.
Elektron siqaret istifadəçiləri də bu mövzuda fərqli mövqelər sərgiləyirlər. İstifadəçi Famil Məmmədov əvvəlcə elektron siqareti təhlükəsiz alternativ hesab etdiyini deyir:
“Zaman keçdikcə nəfəs darlığı, tez yorulma və diqqət problemləri yaşamağa başladım. Tüstü olmadığı üçün daha az zərərli kimi görünsə də, nikotin və kimyəvi maddələr orqanizmə yenə mənfi təsir göstərir. Dadlı aromalar insanı fərqinə varmadan tez-tez istifadəyə alışdırır".
Digər istifadəçi Mədət Yüzbaşlı elektron siqareti stressi azaltmaq məqsədilə istifadə etdiyini bildirir:
“Düzgün və nəzarətli istifadə edildikdə adi siqaretdən daha az zərərli olduğunu düşünürəm. Qoxu vermir, ətrafdakılara narahatlıq yaratmır. Amma tam zərərsiz olduğunu da demək olmaz".
İstifadəçi Ağaəli Aşurov isə bu vərdişin asılılığa çevrildiyini etiraf edir:
"Əvvəlcə, sadəcə, maraq üçün başlamışdım. Sonradan asılılığa çevrildiyini anladım, istifadə etməyəndə əsəbi oluram. Elektron siqaret gənclər üçün ciddi risk yaradır".
Mütəxəssislərin və istifadəçilərin fikirləri onu göstərir ki, elektron siqaretlər cəmiyyətdə formalaşmış “zərərsiz alternativ” imicinə baxmayaraq, xüsusilə, gənclər üçün ciddi və uzunmüddətli sağlamlıq təhlükəsi yaradır. Problemin qarşısının alınması üçün maarifləndirmə, nəzarət və məsuliyyətli yanaşma əsas şərt olaraq qalır.