XƏBƏRLƏR

25 Aprel 2017

"Asan Xidmət"də siqareti tərgitmək istəyənlər üçün səyyar kabinet yaradılıb

www.apa.az

Bu gündən 1 saylı Asan Xidmət Mərkəzində siqareti tərgitmək istəyən vətəndaşlar üçün səyyar kabinet fəaliyyətə başlayıb.

APA-nın xəbərinə görə, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi Layihələrin Əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə bildirib ki, səyyar kabinet yaxın 2 gün ərzində vətəndaşların istifadəsində olacaq: “Tütünlə mübarizə Azərbaycanda ictimai səhiyyənin əsas istiqamətlərindən biridir. Bir müddət öncə İctimai Səhiyyə və İslahatlar Mərkəzində əhali üçün tütündən imtina üzrə tibbi məsləhət kabineti yaradılıb. Pilot layihə formasında fəaliyyət göstərən kabinetə qısa zamanda xeyli insan müraciət edib. İnsanların siqaretdən imtina etməsi üçün onlara hər zaman lazımi psixoloji yardım və həkim dəstəyi lazımdır”.

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) İnsan Resursları və Təlim şöbəsinin müdir müavini Cahangir Hacıyev isə qeyd edib ki, bu gündən fəaliyyət göstərəcək kabinet 2 gün müddətində siqareti atmaq istəyən vətəndaşlara yardımçı olacaq. Onun sözlərində görə, əldə edilmiş nəticələrə əsasən sonradan digər Asan Xidmət mərkəzlərində, hətta regionlarda da qısa müddətdə belə səyyar kabinetlər tətbiq ediləcək və insanlara bu istiqamətdə yardım ediləcək. Səyyar kabinetdə olan İSİM-in həkimi vətəndaşlara lazımi psixoloji və digər istiqamətdə məsləhətlər verəcək. ASAN Xidmət İSİM-lə tütünə qarşı mübarizə sahəsində çox sıx əməkdaşlıq edir. Sağlam həyat tərzinin təbliği bizim əsas prioritet istiqamətlərdən biridir”.