XƏBƏRLƏR

17 May 2017

"Siqaretin qadağası ilə bağlı yaş həddi 21-ə qaldırılsın" TƏKLİF

www.sia.az

Milli Məclisin bu gün keçirilən iclasında "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı bir sıra təkliflər səsləndirilib. SİA-nın xəbərinə görə, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov qanun layihəsinin hazırlanmasının cəmiyyətin tələbi olduğunu dilə gətirib: "Lakin qanunun qəbulu ilə iş bitmir, bunun işlək mexanizmi yaradılmalıdır. Siqaretin qadağası ilə bağlı minimum yaş həddi 18-dən 21-ə qaldırılsın". 

Deputat Şahin İsmayılov bildirib ki, qanunun qəbulunun ardınca tütün asılılığından xilas olmaq üçün qaynar mərkəzlərin yaradılması lazımdır: “Qəlyanlar məsələsinə gəlincə, çay evlərində qəlyanların verilməsi geniş yayılıb. Qəlyan aparatlarının mütəmadi təmizlənməməsi, eyni qəlyandan ayrı-ayrı şəxslərin istifadəsi bəzi xəstəliklərin yaranmasına gətirib çıxarıb. Qonşu ölkələrdə bu praktika olub. Ona görə həmin iaşə obyektləri qarşısında qəlyandan istifadə zamanı aparatlarındakı borularının yenilənməsi şərt kimi qoyulmalıdır”.

Qeyd edək ki, qanunda siqaretdən və sulu qəlyandan istifadənin qadağan olunduğu yerlər açıqlanıb.