7 İyul 2017
“Tütün – inkişaf üçün təhlükə!”dir
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) kütləvi informasiya vasitələrinin nümayəndələri üçün “Tütün – inkişaf üçün təhlükə!” mövzusunda yarım günlük seminar təşkil olunub.
qhtxeber.az-a daxil olan məlumata görə, tədbirdə tütünlə mübarizə sahəsində İSİM-in yaydığı məlumatların KİV vasitəsi ilə ictimaiyyətə çatdırıldığı nəzərə alınaraq, bu mübarizənin daha yaxşı səmərə verməsi üçün müxtəlif ölkələrdə tətbiq edilən metod və alqoritmlər barədə seminar iştirakçılarına geniş məlumat verilib.
İSİM-in mütəxəssisləri Tofiq Musayev, Səbinə Babazadə və Aytən Məmmədova Ümumdünya Tütünsüz Gününün bu ilki mövzusu olan “Tütün - inkişaf üçün təhlükə!”nin aradan qaldırılmasında KİV-lərin rolundan söz açıb, tütün tüstüsünün bir sıra xəstəliklərin risk faktoru olduğunu sübut edən dəlillər, Səlmi Əliyeva isə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” yeni qanun layihəsi barədə danışıblar.
Tanınmış jurnalist-politoloq Tofiq Abbasov çıxışında bildirib ki, tütün istifadəçilərinin əksəriyyəti bu zərərli vərdişin fəsadlarından xəbərsizdir və bu istiqamətdə geniş təbliğatın aparılmasında mətbuatın üzərinə mühüm vəzifə düşür. Tədbirdə “Tütün epidemiyası – problemlər, prioritetlər, nailiyyətlər”, ictimaiyyətin maariflənməsi sahəsində İSİM tərəfindən həyata keçirilən tədbirlər haqqında söhbət açılıb, KİV nümayəndələrinə sertifikatlar və hədiyyələr təqdim olunub.