XƏBƏRLƏR

7 Avqust 2017

Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı ilə bağlı təcrübə mübadiləsi aparılacaq

www.azertag.az

Avqustun 1-dən 4-dək Dünya Səhiyyə Təşkilatının (DST) Avropa Regional Bürosunun dəstəyi ilə Amerika Birləşmiş Ştatlarının (ABŞ) Atlanta şəhərində “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqat”ı (GYTS) üzrə təhlil seminarı keçirilir.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzindən (İSİM) AZƏRTAC-a bildiriblər ki, seminarda İSİM-in direktor müavini Rahib Məmmədov və əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev də iştirak edirlər.

Seminarın məqsədi ölkələrdə gənclərin tütündən istifadəsi ilə bağlı tədqiqatın növbəti mərhələsində nəzərdə tutulan fəaliyyətin öyrənilməsi və bu istiqamətdə təcrübə mübadiləsinin aparılmasıdır. Tədbirdə iştirak edən tədqiqat koordinatorlarına tütün epidemiyası və ona nəzarət üzrə xülasənin hazırlanması, tədqiqatla bağlı məlumatların təhlili üçün statistik proqramın kompleks nümunəsinin istifadəsi barədə məlumatlar veriləcək.

Müxtəlif ölkələrdə tədqiqat üzrə görülmüş işlər barədə təqdimatların nümayişi ilə təcrübə mübadiləsi aparılaraq, tədqiqatın məlumatlarına əsasən, gələcəkdə tütünlə mübarizəyə dair profilaktika və nəzarət proqramlarının hazırlanması planlaşdırılacaq.

Sorğu bütün ölkələr üçün vahid, standartlaşdırılmış metodologiya və sorğu anketlərinə əsaslanaraq keçirilir. Dünyanın bir çox ölkələrində keçirilən GYTS tədqiqatı Azərbaycanda ilk dəfə İSİM tərəfindən 2011-ci ildə aparılıb. Gənclər arasında tütündən istifadənin II qlobal tədqiqatı isə ölkəmizdə 2016-cı ilin aprel-may aylarında keçirilib. Tədqiqat Azərbaycanda DST-nin dəstəyi, eləcə də Təhsil Nazirliyinin müvafiq təşkilati yardımı sayəsində reallaşıb.