XƏBƏRLƏR

17 Avqust 2017

Siqaret tüstüsündən əziyyət çəkənlərə şad xəbər

www.azpress.az
 
Azərbaycan Respublikası Milli Məclisi tərəfindən qəbul olunan “Tütün istehlakının məhdudlaşdırılması haqqında” Qanun bu ilin sonunadək qüvvəyə minəcək.
Milli Məclisin deputatı Musa Quliyev 2-ci oxunuşda qəbul edilən “Tütün istehlakının məhdudlaşdırılması” haqqında Qanunun parlamentin payız sessiyasında 3-cü oxunuşda tam qəbul olunacağını və ilin sonunadək qüvvəyə minəcəyini bildirib. Deputatın sözlərinə görə, bu qanunun əsas fəlsəfəsi ondan ibarətdir ki, ölkədə siqaret tüstüsü olmayan bir mühit yaradılsın. Qanuna əsasən qapalı məkanlarda siqaret, sulu qəlyan, elektron siqaretlərdən istifadə qadağan olunacaq. Bu qanunu pozanlara cərimə sanksiyaları tətbiq ediləcək. İlk növbədə isə bu sanksiyalar həmin məkanların sahiblərinə qarşı yönələcək. Musa Quliyev bu qadağanın bəzi açıq məkanlara da şamil olunduğunu vurğulayıb: “Bunlar məktəblərin, uşaq bağçaların həyəti, avtobus dayanacaqları, dəniz vağzalının və metronun girişləri və bu kimi yerlərdir. Qanun qüvvəyə mindikdən sonra İnzibati Xətalar Məcəlləsinə də əlavə və dəyişikliklər olacaq. Bizdə təxminən Avropadakı orta qiymətlərə uyğun cərimələr nəzərdə tutula bilər. Fiziki şəxslər üçün təxminən 50 manat, hüquqi və vəzifəli şəxslər üçünsə 500 manat məbləğində cərimələr tətbiq ediləcək. Əgər bu hallar təkrar baş verərsə, cərimələr ikiqat, üçqat artırıla bilər”.
Qanunla bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev də fikirlərini bildirib. Nazirlik rəsmisi deyib ki, passiv tütün çəkənlər də aktiv tütün çəkənlər kimi təhlükəlidir. Bu, daha çox diqqət çəkən məqamdır. Əgər 2011-ci illə 2015-ci ili müqayisə etsək əsasən evlərdə tütün tüstüsünün zərərlərinə məruz qalanların sayı 41 faiz olmuşdur ki, bu da son 5 il ərzində 50 faiz artım deməkdir. Tofiq Musayev hesab edir ki, görülən bütün tədbirlərin arxasında mütləq güclü qanunvericilik bazası durmalıdır. Bu qanunun da qüvvəyə minməsi sağlam gələcəyimizə hesablanıb.