Tütünçəkmə dünyanı bürümüş qlobal problemlərdən biridir və bu problemlə mübarizə beynəlxalq səviyyədə aparılır. Hesablamalara görə, hər il tütünün törətdiyi xəstəliklər nəticəsində dünyada altı milyonadək insan vəfat edir. Ölkədə aparılmış bir sıra tədqiqatlar isə 50%-ə qədər kişinin siqaret çəkdiyini müəyyən edir, bu da vəziyyətin nə qədər acınacaqlı olduğunu göstərir.
Beynəlxalq Tütünçəkmədən İmtina Günü hər il noyabrın üçüncü çərşənbə axşamı qeyd olunur. Bu tarix 1977-ci ildə Amerikanın Onkoloji Cəmiyyəti tərəfindən təsis edilib.
1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə “31 may – Ümumdünya Tütünsüz Günü” elan edilib. Dünyanın 50-dən artıq ölkəsinin imzaladığı ÜST-nin 21 may 2003-cü il tarixli Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına Azərbaycan 2005-ci il noyabrın 1-də qoşulub. Tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən bəşəriyyətin ilk beynəlxalq razılaşması olan bu Konvensiya ictimai yerlərdə siqaret çəkməyi və tütün məmulatlarının hər hansı formada reklamını qadağan edir.
Tütün çəkənlərin sayının artım dinamikası narahatlıq doğurur. Bununla yanaşı, ictimai yerlərdə siqaret çəkildikdə ətrafdakılar özgəsinin siqaret tüstüsünü udmaqla passiv siqaret çəkməyə məruz qalırlar.
Son illər Avropa ölkələrində siqaretçəkməyə qarşı rəsmi səviyyədə sərt tədbirlər görülür. Bu tədbirlər əhalinin passiv siqaretçəkmədən xilas olunmasına yönəldilib.
Siqaret çəkməyə aludəlik çox vaxt yeniyetmə və gənc yaşlarında baş verir. Yeniyetmələr, adətən, özlərini böyüklərə oxşatmaq üçün əllərinə siqaret alır, sonra isə onu tərgidə bilmir. Gənclər əsasən bekarçılıqdan, bir-birinin bəhsinə siqaret çəkməyə başlayır və getdikcə ona vərdiş edir. Əksər hallarda tütündən istifadə nəticəsində sağlamlığa dəyən zərər illər və hətta onilliklər keçdikdən sonra özünü büruzə verir.
Azərbaycanda da tütünçəkmənin məhdudlaşdırılması istiqamətində qanunvericiliyin təkmilləşdirilməsi əhalinin sağlamlığının qorunması, sağlam həyat tərzinin təbliği, uşaqların, yeniyetmələrin, gənclərin sağlam böyüməsi və inkişafı, zərərli vərdişlərə aludəliyin profilaktikası, tütün məmulatlarının istehlakının zərərli təsirinin azaldılması məqsədini daşıyır.
Azərbaycanda 2011-ci ildə ÜST və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin dəstəyi ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) tərəfindən 13-15 yaşlı məktəblilər arasında tədqiqat keçirilib. Tədqiqatın ilkin nəticələrinə görə, şagirdlərin 10.6%-i nə vaxtsa siqaret çəkməyə cəhd edib, 6.8%-i isə son bir ay ərzində bu və ya digər tütün məmulatından istifadə edib. Bu rəqəmlər vəziyyətin artıq təhlükəli olduğunu göstərir. Həmçinin “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının 5.3; 8; 9; 10; 11; 12; 13 və 14-cü maddələrinin həyata keçirilməsinin rəhbər prinsipləri İSİM tərəfindən Azərbaycan dilinə tərcümə olunub və kitab şəklində çap edilib.
2012-ci ildə İSİM və 215KL studiyasının birgə əməkdaşlığı sayəsində “Uşaqları tütün tüstüsündən azad mühitdə böyüdək!” adlı videoçarx çəkilib. Videoçarx məhz passiv tütünçəkmə ilə mübarizə, əhalinin sağlamlığının qorunması və sağlam həyat tərzinin təbliği məqsədilə hazırlanıb. İSİM tərəfindən Bakı şəhər Gənclər və İdman Baş İdarəsi və “İRƏLİ” İctimai Birliyinin təşkilati dəstəyilə “31 may – Ümumdünya tütünsüz günü”nə həsr olunmuş “Tütünsüz həyat: Sən özün yarat!” şüarı altında fotomüsabiqə təşkil olunub. Fotomüsabiqəyə peşəkar və həvəskar fotoqraflar qatılıb. Müsabiqəyə təqdim olunmuş və tütünə qarşı mübarizənin zəruriliyi, tütünçəkmənin və tütün tüstüsünün təsirinin zərərləri ilə bağlı məsələlərin əks olunduğu bütün fotoşəkillər İSİM-in Facebook səhifəsində yerləşdirilib və böyük maraqla qarşılanıb. İSİM tütünçəkmə ilə mübarizədə fəaliyyətini davam etdirir.
Beynəlxalq Tütünçəkmədən İmtina Günü bir daha öz sağlamlığımız, yaxın və doğmalarımızın sağlamlığı barədə düşünməyə vadar edir. Bu gün siqaret çəkməkdən imtina etmək sağlam həyat tərzi istiqamətində və bu təhlükəli vərdişlə mübarizədə ilk addım ola bilər.