Xətai rayonundakı 29 nömrəli tam orta məktəbdə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Narkotiksiz, siqaretsiz və alkoqolsuz sağlam həyata doğru” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə məktəbin direktoru Mirdamət Sadıqov açıb. O, böyük sosial bəlaya çevrilən narkomaniya ilə mübarizə aparmaq, yeniyetmə və gəncləri zərərli vərdişlərdən uzaqlaşdırmaq və onlar arasında sağlam həyat tərzinin təbliğ olunması, həmçinin əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunması istiqamətində bu cür tədbirlərin həyata keçirilməsi mühüm əhəmiyyət kəsb etdiyini söyləyib.
“Həkimlər və Təbib Tələbələr” İctimai Birliyinin sədr müavini Aqil Abbasovun yeniyetmə və gənclərin sağlam həyat tərzi, əqli-mənəvi durumu, mənəvi-psixoloji cəhətdən düzgün tərbiyə olunması, zərərli vərdişlərdən, eləcə də narkomaniya bəlasından qorunmağın vacibliyi mövzusunda hazırladığı təqdimat dinlənilib.
Xətai Rayon Polis İdarəsinin rəisi Muradəli Babayev narkomanlığa qarşı mübarizədə, eləcə də narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınmasında hüquq-mühafizə orqanlarının rolundan danışıb, gənc nəslin hərtərəfli sağlam formalaşması naminə ictimai məsuliyyətini dərk edən hər bir vətəndaşın narkomanlığa qarşı mübarizədə həmrəylik göstərməsinin vacibliyini vurğulayıb.
Tədbirin sonunda Bakı Uşaq Teatrının təqdimatında "Xaşxaşın göz yaşları" tamaşası nümayiş etdirilib.