XƏBƏRLƏR

1 Fevral 2018

Tütünlə mübarizə sahəsində mili qanunvericiliyin təkmilləşdirilməsi layihəsinə yekun vurulub

 

www.azertag.az 

Azərbaycanda tütünlə mübarizə sahəsində mili qanunvericiliyin təkmilləşdirilməsi layihəsi çərçivəsində Texniki Məsləhətçi Qrup (TMQ) yaradılıb. Qrupun tərkibinə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyində yaradılmış Əlaqələndirmə qrupunun, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM), müxtəlif dövlət qurumlarının və qeyri-hökumət təşkilatlarının üzvləri daxildir.

AZƏRTAC xəbər verir ki, yanvarın 31-də İSİM-də “Tütünə qarşı mübarizə sahəsində Azərbaycan gücləndirilməsi” layihəsi çərçivəsində yekun iclas keçirilib.

Tədbirdə İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktor müavini Rahib Məmmədov, Milli Məclis aparatının sosial qanunvericilik şöbəsinin sektor müdiri Adil Vəliyev, habelə Mərkəzin əməkdaşları - əhalinin sağlamlığı şöbəsinin müdiri, layihənin əlaqələndiricisi Tofiq Musayev və layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə çıxış ediblər. Onlar xatırladıblar ki, 2017-ci il dekabrın 29-da Prezident İlham Əliyev “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Qeyd edilib ki, Azərbaycan hələ 2005-ci ilin sentyabr ayında Dünya Səhiyyə Təşkilatının tütünlə mübarizə haqqında Çərçivə Konvensiyasına qoşulub və sonrakı dövrdə bu istiqamətdə görülmüş bütün tədbirlər ölkəmiz üçün əhəmiyyətli olan həmin qərarın məntiqi davamı olub. “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” qanunun qəbul edilməsi o deməkdir ki, Azərbaycan ölkə qanunvericiliyini həmin Çərçivə Konvensiyasının müddəalarına uyğunlaşdırmaq barədə öhdəliyini yerinə yetirir.

Natiqlər qeyd ediblər ki, XX əsrin ikinci yarısında dünyanın bir sıra ölkələrində ölüm hallarının əsas səbəblərində ciddi dəyişikliklər baş verib. Qan dövranı sisteminin xəstəlikləri, onkoloji və bronx-ağciyər xəstəlikləri, habelə şəkərli diabet kimi xroniki qeyri-infeksion xəstəliklər daha çox yayılıb.

Tədbir iştirakçılarının diqqətinə çatdırılıb ki, Azərbaycan sakinlərinin tutulduğu xəstəliklərin 80 faizdən çoxu qeyri-infeksion xəstəliklərdir. Bu problemin aktuallığı nəzərə alınaraq Azərbaycan Prezidentinin 23 dekabr 2015-ci il tarixli sərəncamı ilə “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” təsdiq edilib. Mərkəz dövlət başçısının həmin sərəncamının icrasını təmin etmək məqsədilə mütəmadi olaraq ictimaiyyət üçün informasiya-maarifçilik tədbirləri və gənclər arasında səhiyyə məsələlərinə dair forumlar keçirir.

TMQ-nin yekun iclasında tütünlə mübarizə sahəsində hökumətlə vətəndaş cəmiyyəti arasında bir növ körpü rolu oynayan KİV-lərin mühüm rolu qeyd edilib.

Tütünlə mübarizədə əməkdaşlığın gücləndirilməsi barədə fikir mübadiləsi aparılıb, müvafiq tövsiyələr dinlənib, gələcək addımlar müəyyən edilib.

Tədbirin sonunda KİV nümayəndələrinə, o cümlədən AZƏRTAC-ın müxbirinə sertifikatlar təqdim edilib.