XƏBƏRLƏR

18 Noyabr 2011

Moldovanın Kişinyov şəhərində “Tütünlə mübarizə üzrə ÜST-ün Çərçivə Konvensiyasının yerinə yetirilməsi” mövzusunda Avropa regional seminarı keçirildi

“Tütünlə mübarizə üzrə ÜST-ün Çərçivə Konvensiyasının yerinə yetirilməsi” mövzusunda regional seminarın keçirilməsində məqsəd Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu ölkələrindən tütünlə mübarizə üzrə milli ekspertlərini bir araya gətirmək, bununla da “Tütünlə mübarizə üzrə ÜST-ün Çərçivə Konvensiyasının yerinə yetirilməsi”ndə əsas prosesləri, yardım mexanizmlərini, Saziş alətlərini və beynəlxalq əməkdaşlığı müzakirə etməkdir. Tədbir iştirakçılara təcrübə mübadiləsi aparmağa, ÜST-ün Çərçivə Konvensiyasının həyata keçirilməsilə bağlı müvəffəqiyyətləri və çətinlikləri bölüşməyə imkan yaradır. Seminarın qarşısında dayanan vəzifələr ÜST-ün Çərçivə Konvensiyasının həyata keçirilməsi istiqamətində ölkələrin fəaliyyət və təcrübəsinə, bu prosesdə tərəflərin daşıdığı öhdəliklərə nəzər yetirməkdir.

2011-ci il noyabrın 15-18-də Moldovanın Kişinyov şəhərində “Tütünlə mübarizə üzrə ÜST-ün Çərçivə Konvensiyasının yerinə yetirilməsi” mövzusunda Avropa regional seminarı keçirildi. Moldova, Türkiyə, Ukrayna, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının qatıldığı seminarda Azərbaycandan Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev iştirak etdi.

Tədbirin açılışından sonra iştirakçılara seminarın proqramı təqdim olundu. Seminarın ilk günü “Saziş alətləri və onun beynəlxalq səviyyədə həyata keçirilməsinin inkişafı” mövzusuna həsr olundu. ÜST-ün Avropa regional bürosunun nümayəndəsi Konvensiyanın regional səviyyədə həyata keçirilməsi ilə bağlı son məlumatları nəzərə çatdırdı. Konvensiyanın katibliyinin nümayəndəsi isə Qlobal miqyasda Sazişin işi ilə bağlı son məlumatlardan söhbət açdı.

Tərəflərin IV Konfransında qəbul olunmuş rəhbər prinsiplər: 9, 10, 12 və 14-cü Maddələrin həyata keçirilməsi ilə bağlı məruzə ətrafında fikir mübadiləsi aparıldı. Daha sonra Konvensiyanın hesabat sistemi barədə geniş məlumat verildi.

Seminar əsnasında Tütün məmulatlarının qeyri-qanuni alqı-satqısının ləğv edilməsi ilə bağlı Protokol üzrə danışıqlar aparıldı. Danışıqlar çərçivəsində bu sahədə hazırki vəziyyət və qarşıda dayanan vəzifələrdən söhbət açıldı.

Növbəti günlərdə “Tütünlə mübarizə üzrə ÜST-ün Çərçivə Konvensiyasının yerinə yetirilməsi” mövzusu ilə əlaqədar dəyirmi masa təşkil olundu. Açıq müzakirə zamanı konkret nümunələr əsasında ölkə təqdimatları oldu. Təqdimatlardan sonra Konvensiyanın regionlarda həyata keçirilməsinin yüksək fəaliyyəti və təcrübəsi müzakirə edildi.

 “Resurslar, yardım mexanizmləri və beynəlxalq əməkdaşlıq” mövzusu üzrə bir neçə təqdimat dinlənildi. Təqdimatlar əsasında ÜST-ün Avropa regional bürosunun qısa məruzəsinə, Punto-del-Este deklarasiyasına nəzər yetirildi. Həmçinin ölkələr səviyyəsində BMT-nin yardımın göstərilməsi üzrə Çərçivə proqramı nəzərdən keçirildi. Bu proqramın ölkələrdə işləmə mexanizmi, eləcə də Konvensiyanın həyata keçirilməsinə yardımından bəhs edildi.

 “Tütünlə mübarizə üzrə ÜST-ün Çərçivə Konvensiyasının yerinə yetirilməsi”nə istinadən hesabatın tərtib edilməsi öyrədildi. Hesabatın tərtibatı prosesində lazımi sual kitabçalarının toplanmasına diqqət edildi. Seminarın sonunda iştirakçıların özündə zəruri elementləri birləşdirən hesabat aləti tamamlandı.