2010-cu il noyabrın 30-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) millət vəkilləri, Tütünlə Mübarizə üzrə Milli Koalisiya üzvləri və dəvət olunmuş qonaqların iştirakı ilə Beynəlxalq Tütünçəkmədən imtina Gününə həsr edilmiş dəyirmi masa keçirildi.
Tədbiri giriş sözü ilə açan İSİM-in direktoru Ceyhun Məmmədov Uruqvayda 15-20 noyabr 2010-cu il tarixdə Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 4-cü sessiyasında iştirakı barədə məlumat verdi. Qeyd olundu ki, Punta-del-Este şəhərində keçirilmiş bu mühüm tədbirin açılışında Uruqvayın hazırkı prezidenti çıxış etmiş, eləcə də ölkənin ixtisasca həkim olan eks-prezidenti Konfrans iştirakçıları qarşısında geniş məruzə etmişdir. Konfransda iştirak edən dünya ölkələrinin nümayəndələri tərəfindən Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının həyata keçirilməsində əldə olunan nailiyyətlər nəzərdən keçirilmiş və alqışlanmışdır. Tədbirdə bir sıra, o cümlədən “Tütün məmulatlarının qeyri-qanuni ticarətinin qarşısının alınması” və “Tüstüsüz tütün məmulatları və elektron siqaretlər ilə mübarizə, onlardan istifadə edilməsinə dair xəbərdarlıqlar” mövzusunda əhəmiyyətli məruzələr edilmişdir. Konfransda “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının maarifləndirmə, məlumatın ötürülməsi, hazırlıq, əhalinin məlumatlandırılmasına dair 12-ci və tütün asılılığına tələbin azaldılması, tütün istehlakının dayandırılmasına dair 14-cü maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsipləri təsdiq edilmişdir. Həmçinin beynəlxalq əlaqələrin gücləndirilməsi, yardım mexanizmlərinin təkmilləşdirilməsi kimi əsas məsələlər ətrafında müzakirələr aparılmışdır. Sonda Tərəflərin Konfransının 5-ci sessiyasının 2012-ci ildə Cənubi Koreya Respublikasında keçiriləcəyi elan edilmiş və yekun olaraq Uruqvay Deklarasiyası qəbul olunmuşdur.
C.Məmmədovun məruzəsindən sonra millət vəkili Musa Quliyev “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” Qanun layihəsinin müzakirəsi üçün gözlənilən Türkiyə səfəri barədə söhbət açdı. ÜST-nin Azərbaycan üzrə ölkə ofisinin dəstəyi ilə təşkil olunan bu səfər Türkiyənin tütünçəkmə ilə mübarizə, xüsusilə də ictimai yerlərdə tütünçəkmənin qadağan edilməsi sahəsində müvəffəqiyyətli təcrübəsini öyrənmək, eyni zamanda müsbət təcrübəni Azərbaycanda hazırlanmış “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” Qanun layihəsinin təkmilləşdirilməsində tətbiq etmək məqsədi daşıyır. Xüsusilə vurğulandı ki, Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 4-cü sessiyasında qəbul edilmiş qərar və sənədlərin nəzərə alınması üçün Qanun layihəsinin yenidən işlənilməsi və redaktə edilməsinə zərurət yaranmışdır. Dəyirmi masada bu fəaliyyətin məqsədyönlü aparılması üçün işçi qrupun yaradılması təklifi də səsləndirildi.
Millət vəkili Qənirə Paşayeva tütünlə mübarizə məsələsinə çox ciddi yanaşılmasının və diqqət yetirilməsinin gərəkliliyini vurğuladı. Q.Paşayeva azərbaycan dilinə tərcümə etdiyi Allen Karrın “Asan yol” kitabının gözlənilən nəşrinin tütündən imtina etmək istəyənlər üçün rəhbər vəsait rolunu oynayacağı və həmin şəxslərə psixoloji yardım göstərəcəyi qənaətində olduğunu bildirdi.
İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayevin Çərçivə Konvensiyası Tərəflərinin Konfransının 4-cü sessiyasında qəbul edilmiş “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının 12 və 14-cü maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinin təqdimatı maraqla qarşılandı. Qeyd olundu ki, hər iki sənəd əhatəli və geniş şəkildə konkret tövsiyələri və onların həyata keçirilməsinə dair tədbirləri əks etdirir. Belə ki, qəbul edilmiş sənədlərdə tütünlə mübarizə ilə əlaqəli məsələlərə dair əhalini daha məlumatlı edən maarifləndirmə, məlumatın ötürülməsi və hazırlıq sahələrində səylərin effektliliyini artıran tədbirlər təklif olunur, tütün istifadəsindən imtina cəhdlərini motivasiya edən, tütün istehlakçılarına və tütünçəkmədən imtina etmək istəyən şəxslərə göstərilən yardıma yönəldilən, belə yardımı təmin edən davamlı infrastrukturun yaradılması və gücləndirilməsi açıqlanır.
Daha sonra İSİM-in baş hüquqşünası Səbuhi Abdullayev “Tütünə qarşı mübarizə haqqında” ÜST-nin Çərçivə Konvensiyasının 5.3; 8; 11 və 13-cü maddələrinin həyata keçirilməsinin rəhbər prinsiplərinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən azərbaycan dilinə tərcümə olunduğunu və çap edildiyini diqqətə çatdırdı. Azərbaycan dilinə nəşr üçün tərcümə hüququ İctimai Səhiyyə və İslahatlar Mərkəzinə Ümumdünya Səhiyyə Təşkilatının Baş Direktoru tərəfindən verilmişdir. Bu sənədin müvafiq təşkilatlara və aidiyyəti məsul şəxslərə çatdırılması nəzərdə tutulmuşdur.
Siqaret qutularının üzərindəki xəbərdarlıq yazısının yeniləşdirilməsi üzrə İSİM-in təşəbbüsü barədə məlumat verən Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Salıfova aksiyanın 2010-cu ilin oktyabr-noyabr aylarını əhatə etdiyini bildirdi. L.Salıfovanın sözlərinə görə, xəbərdarlıq yazısının mətninin yazılmasına əhalinin cəlb edilməsi məqsədini daşıyan aksiyada oktyabr ayı ərzində təkliflər toplanılmış, noyabr ayı ərzində isə İSİM-in saytında interaktiv cədvəl üzrə səsvermə keçirilmişdir. Ən çox səs toplayan xəbərdarlıq yazısının Səhiyyə Nazirliyinə göndəriləcəyi və nəticələr barədə əhaliyə məlumat veriləcəyi də çıxış zamanı nəzərə çatdırıldı.
İSİM-in Əhalinin sağlamlığı şöbəsinin sosioloğu Aynurə Rəşidova 2010-cu il noyabrın 3-5-də Danimarkanın Kopenhagen şəhərində iştirak etdiyi “Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) və tibb tələbələri arasında tədqiqatın (GHPSS) aparılması” üzrə seminarla bağlı çıxış etdi. Seminarın məqsədi ölkələrdə 13-15 yaşlı yeniyetmələrin tütündən istifadəsi ilə bağlı tədqiqatın aparılmasının öyrədilməsi olmuşdur. Azərbaycan, Xorvatiya, Çexiya, Estoniya, Almaniya, Latviya, Moldova, Portuqaliya, Slovakiya, Sloveniya, İspaniya, İsveçrə, Tacikistan və Türkmənistandan nümayəndələrin iştirak etdiyi seminar zamanı təcrübə mübadiləsi aparılmış, zəruri məlumatlar əldə olunmuşdur. Gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) bütün ölkələr üçün vahid, standartlaşdırılmış metodologiya və sorğu anketlərinə əsaslanaraq keçirilir. Belə tədqiqat tütünə nəzarət proqramlarının qiymətləndirilməsi və qarşısı alına bilən problemlərin həlli məqsədilə ölkələrin bacarıqlarını artırmaq niyyətindədir.
Daha sonra İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin vərəm üzrə məsləhətçisi Aleksandr Paseçnikov “Vərəm və tütünçəkmə” mövzusunda İSİM-də hazırlanmış bukletlərlə bağlı məlumat verdi. Siqaretçəkmənin bu gün qlobal problemə çevrildiyini vurğulayan A.Paseçnikov Azərbaycanın da bəladan yan keçmədiyini təəssüflə qeyd etdi. Siqaret çəkən şəxslərin digər xəstəliklərə yoluxma ehtimalının da böyük olduğunu bildirən məsləhətçi bu sırada vərəm, eləcə də onkoloji xəstəliklərin də yer aldığını diqqətə çatdırdı. Həmçinin tütünlə mübarizə istiqamətində davamlı tədbirlərin həyata keçirilməsinin əhəmiyyəti də vurğulandı.
Sonda iştirakçıları maraqlandıran suallar ətrafında fikir mübadiləsi aparıldı, təkliflər dinlənildi. Millət vəkili İlham Məmmədov tütünlə mübarizə istiqamətində ictimai dinləmələrin sayının artırılmasının vacibliyindən bəhs etdi, bu fəaliyyətə vətəndaş cəmiyyətinin, qeyri-hökumət təşkilatlarının (QHT) da cəlb edilməsini tövsiyə etdi. Regionlara çıxışın böyük önəm daşıdığını vurğulayan İ.Məmmədov Koalisiyanın növbəti görüşünün Yevlax şəhərində keçirilməsini və tütünlə mübarizədə kütləvi informasiya vasitələrinin regional imkanlarından istifadə edilməsini də təklif etdi.