XƏBƏRLƏR

18 May 2018

Mağazaların girişində spirt və tütünün yetkinlik yaşına çatmayanlara satışının qadağan edilməsinə dair elan yerləşdiriləcək

www.az.trend.az 

Nazirlər Kabineti “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda dəyişiklik edib.

Trend-in məlumatına görə, bu barədə qərarı Baş nazir Novruz Məmmədov imzalayıb.

Dəyişikliyə əsasən, “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”na aşağıdakı məzmunda 3.3-2-ci bənd əlavə edilir:

“3.3-2. Etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir”.