Bakı. 31 may. REPORT.AZ/ "İctimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunun icrası məqsədi ilə başqa addımlar da atılmalıdır".
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib. O bildirib ki, ictimai yerlərdə siqaret çəkməyi qadağan edən qanunun vəziyyəti dərhal dəyişəcəyini gözləmək olmaz: "Bunun üçün digər addımlar da atılmalıdır. Bu tədbirlər kompleks şəkildə yanaşmanı tələb edir. Həmin qanunun tətbiqi üçün mexanizmlər lazımdır. Məsələn, insanlar qadağan olan yerlərdə siqaret çəkirsə, onun cəriməsi nə qədər olmalıdır, nəzarəti necə aparılmalıdır? Bu kimi məsələlərin həlli olduqca vacibdir. Hesab edirəm ki, hazırda qanuna əməl etmək dərəcəsi o qədər də yüksək deyil. Düzdür, yüksək statuslu obyektlər bu qanuna riayət edir, amma digər obyektlərdə bu faiz aşağıdır. Buna görə də nəzarət mexanizmi lazımdır".
"Siqaret çəkməyi qadağan edən qanunun tətbiqi üçün telefon xidməti yaradılmalıdır" deyən T.Musayev bildirib ki, insanlar belə problemlərlə rastlaşanda mübahisəyə girmək əvəzinə zəng edib şikayət etməlidirlər: "Hazırda qanunla bağlı qaynar xətt yoxdur".
O xatırladıb ki, siqaret böyüklər arasında hər on nəfərdən birinin ölüm səbəbidir: "XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub. Qlobal tütün epidemiyası hər il 7 milyondan çox insanı öldürür. Bunlardan 900 min nəfəri siqaret çəkməyən, lakin ikinci tütün tüstüsü ilə nəfəs alanlardır".