Siqaret ölümlə nəticələnən bu üç xəstəliyin inkişafına səbəb olur
Tütünçəkmə dünyanı bürümüş qlobal problemlərdən biridir və onunla mübarizə beynəlxalq səviyyədə aparılır. Bu problemin qarşısını almaq üçün hər il 31 may tarixi bütün dünyada “Ümumdünya Tütünsüz Günü” kimi qeyd olunur. Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, XX əsrdə tütün 100 milyon insanın ölümünə səbəb olub və XXI əsrdə isə bu səbəbdən 1 milyard insanın ölümü gözlənilir. Bu günün qeyd olunmasında məqsəd cəmiyyətin diqqətini tütün sənayesinin zərərli taktikasının aşkarlanmasının vacibliyinə yönəltməkdir.
Hamıya məlumdur ki, Azərbaycanda da bu problemdən əziyyət çəkən insanlar az deyil. Aparılan tədqiqatlara görə, ölkəmizdə 15-49 yaşlı kişilərin yarısı siqaret çəkir və ağciyər xərçəngindən ölənlərin 85 faizi tütünçəkmə ilə bağlıdır. Bununla yanaşı Azərbaycanda kişilərin 77 faizi ictimai yerlərdə, qadınların 41 faizi isə evdə tütün tüstüsünün təsirinə məruz qalırlar.
Elə bununla bağlı dünən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və USAİD tərəfindən maliyyələşdirilən Azərbaycanda Səhiyyənin Gücləndirilməsi layihəsi “31may- Ümumdünya Tütünsüz Günü”nə həsr olunmuş tədbir keçirdi. Tədbirdə çıxış edən İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayevin sözlərinə görə, siqaret ölümlə nəticələnən üç əsas xəstəliyin inkişafına səbəb olur ki, bunlar da ağciyər xərçəngi, xroniki bronxit və ürəyin işemiyasıdır: “Çoxları bilir ki, siqaret çəkmək zərərlidir. Lakin çox az adam bunun təhlükələri barədə tam məlumatlıdır. Dünyada 150 milyon gənc siqaret çəkir. Bəzi ölkələr var ki, məhz həmin ölkələrdə qızlar oğlanlardan çox siqaret çəkirlər. Tədqiqatlar sübut edir ki, siqaret çəkənlərin ömrü çəkməyənlərə nisbətən orta hesabla 20 il azalır. Tütün tüstüsü digər orqanlarla yanaşı ağız boşluğuna və mədə-bağırsaq sisteminə də təsir edir. Aktiv siqaret çəkən insanlarda ağız boşluğunun, dodağın, mədənin və onikibarmaq bağırsağın xərçənginin, eləcə də xroniki xəstəliklərin yaranması ehtimalı çoxdur”.
Siqaret kimyəvi fabrikdir
Siqaretin tərkibi haqqında məlumat verən T.Musayev yanan siqareti kimyəvi fabrikə bənzətdi: “Yanan siqaret nadir kimyəvi fabrikə bənzəyərək, 4 mindən çox kimyəvi birləşmə, o cümlədən, 40-dan çox kanserogen(xərçəng xəstəliyi yaradan) maddə istehsal edir. Onun tərkibində olan nikotinin 2-3 damcısı insan orqanizmi üçün ölümcül dozadır ki, bu da təxminən 20-25 siqaretin tərkibində olur. Yəni, bir dəfəyə bir qutu siqaret çəkən insan dərhal ölə bilər. Bəzi adamlar mentollu, nanəli və digər yanlış olaraq “yüngül” adlandırılan siqaret çəkirlər. Ekspertlər belə hesab edir ki, belə siqaretlərin ziyanı adi siqaretlərdən daha çoxdur. Sərinləşdirici təsirə malik olan tüstünü insan nəfəsində daha çox saxlayır, bu da adi siqaretdən daha təhlükəli sayılır. Siqaret çəkmələr arası yaranan fasilələr zamanı orqanizmə nikotin daxil olmur. Siqaret çəkməyə ehtiyac olmasa da, orqanizm artıq nikotinə vərdiş edib və ona tələbat var. Nikotinə qarşı yaranmış daimi tələbat insanı əsəb gərginliyində saxlayır və bununla da stress halları artır. Siqaretçəkmənin güclü vərdiş və hətta asılılığın bir forması olduğundan milyonlarla insan bu təhlükədən qurtula bilmir”.
T.Musayevin sözlərinə görə, bu gün dünya əhalisinin 30 faizi siqaret çəkir və uşaqların 50 faizi tütün tüstüsündən çirklənmiş hava ilə nəfəs alır.
Mütəxəssislər bildirirlər ki, siqaret çəkməyə alüdəçilik çox vaxt yeniyetmə və gənc yaşlarda baş verir. Yeniyetmələr adətən özlərini böyüklərə oxşatmaq üçün əllərinə siqaret alır, sonra isə onu ata bilmir. Gənclər əsasən bekarçılıqdan, bir – birinin bəhsinə siqaret çəkməyə əl atır və getdikcə ona vərdiş edir. Əksər hallarda tütündən istifadə nəticəsində sağlamlığa dəyən zərər illər və hətta onilliklər keçdikdən sonra özünü büruzə verir.
T.Musayev sonda çıxışını xalqımızın sevimli müğənnisi Müslüm Maqomayevin siqaret haqqında dediyi fikirlə tamamladı: “Mən ikinci dəfə yaşasaydım, yalnız bir şeyi dəyişdirərdim - Heç bir halda siqaret çəkməyə başlamazdım”.
Qeyd edək ki, 1988-ci ildə ÜST Assambleyasının 42-ci sessiyasında 31 may Ümumdünya Tütünsüz Günü elan edilib. Dünyanın 50-dən artıq ölkəsinin imzaladığı Ümumdünya Səhiyyə Təşkilatının 21 may 2003-cü il tarixli Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına Azərbaycan da 2005-ci ilin noyabrın 1-də qoşuldu. Bu Konvensiya tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən bəşəriyyətin ilk beynəlxalq razılaşmasıdır ki, ictimai yerlərdə siqaret çəkməyi və tütün məmulatlarının hər hansı formada reklamını qadağan edir.
Aygün Cəfərli