Azərbaycanda tütün məlumatlarından istifadəyə görə cərimənin məbləği bəlli olub. Modern.az-ın məlumatına görə, bununla bağlı İnzibati Xətalar Məcəlləsinə yeni 212.3, 212.4 və 212.5-ci maddələr əlavə edilir.
Yeni - 212.3-cü maddəyə əsasən, yetkinlik yaşına çatmayanlara tütün məmulatı olmaqla, verməklə, tütün məmulatlarından istifadəyə təklif və ya tələb etməklə onların tütündən istifadə prosesinə cəlb edilməsinə görə 100 manat məbləğində cərimə müəyyənləşdirilib.
212.4-cü maddəyə əsasən, tütün məmulatları tullantılarının ətraf mühitə atılmasına görə 50 manat məbləğində cərimə kəsiləcək.
212.5-ci maddəyə əsasən, "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş yerlərdə ( tütün çəkmək üçün təşkil edilmiş xüsusi yer istisna olmaqla) tütün çəkilməsinə şərait yaradılmasına, yaxud tütün çəkilməsinin təklif edilməsinə görə - vəzifəli şəxslər 500 manat, hüquqi şəxslər 1200 manat məbləğində cərimə ediləcək.
Sənəd artıq Milli Məclisə daxil olub və tezliklə müzakirəyə çıxarılacaq.