Qanunsuz tütün ticarəti ilə mübarizə və tütün məmulatlarının istifadəsinin aradan qaldırılması haqqında protokolu qüvvəyə minib.
Tütün məmulatlarının qeyri-qanuni ticarəti və qaçaqmalçılıq ilə mübarizə haqqında protokol qüvvəyə minib. Bu qanunauyğunsuzluq tütün məmulatlarını əhali, o cümlədən yetkinlik yaşına çatmayanlar üçün əlçatan edir.
AZƏRTAC BMT-nin informasiya portalına istinadla xəbər verir ki, protokol Dünya Səhiyyə Təşkilatının tütünə qarşı mübarizə üzrə çərçivə konvensiyasının 15 maddəsi əsasında yaradılıb və onu tamamlayır. Konvensiya 2012-ci il noyabrın 12-də Seulda qəbul olunub. Sənəd dünya səhiyyəsi baxımından baha başa gələn, mürəkkəb beynəlxalq cinayətkar şəbəkənin aradan qaldırılması istiqamətində tərtib edilmiş nadir hüquqi vasitədir. Qanunsuz satışla mübarizə və tədarük şəbəkəsinə nəzarət qaydalarının müəyyən edildiyi sənəddə hüquqazidd əməllər müəyyən edilib və onların qarşısının alınması üzrə tədbirlər planı göstərilib. Protokolda tütün məhsullarının əsas axınının izlənməsi üçün qlobal sistemin yaradılması təklif olunur.
Protokol 40 ölkənin onu qəbul etməsindən 90 gün sonra qüvvəyə minib. Hazırda sənəd 48 ölkə tərəfindən qəbul olunub.
Qeyd etmək lazımdır ki, tütünün zərərli təsiri nəticəsində yaranan xəstəliklər səbəbindən hər altı saniyədə bir insan dünyasını dəyişir ki, bu da ildə altı milyon adam deməkdir. Tütün epidemiyası ilə bağlı lazimi tədbirlərin görülməyəcəyi təqdirdə 2030-cu ildə bu rəqəmin səkkiz milyona çatacağı bildirilir.