Milli Məclisin Mədəniyyət komitəsinin iclası keçirilib.
“Report”un xəbərinə görə, iclasda komitə sədri Rafael Hüseynov 18 oktyabrın Azərbaycan tarixindəki önəmindən, ölkəmizin müstəqillik tarixindən danışıb, Müstəqillik günü münasibətilə təbriklərini çatdırıb.
R.Hüseynov bildirib ki, gündəliyə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna və bununla əlaqədar olaraq, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlara (üçüncü oxunuş) dəyişikliklər edilməsi barədə məsələlər daxildir.
“Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” qanunda nəzərdə tutulan dəyişikliyə görə, televiziya və videofilmlərdə, teatr tamaşalarında, radio, televiziya, video və kinoxronika proqramlarında, uşaqlar üçün nəzərdə tutulan audiovizual əsərlərdə tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirilməsi, həmçinin tütün məmulatlarının və tütün istifadəsi prosesinin təbliğat məqsədilə nümayiş etdirildiyi əsərlərin, tamaşaların, proqramların efirdə, kabel yayımı vasitəsilə açıq yayımlanması qadağan edilir.
Bununla əlaqədar olaraq, “Televiziya və radio yayımı haqqında”, “İctimai televiziya və radio yayımı haqqında” və “Teatr və teatr fəaliyyəti haqqında” qanunlara eyni məzmunlu əlavələr edilir.
Qeyd olunub ki, hər üç qanunda nəzərdə tutulan dəyişikliklər “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanuna uyğunlaşdırma məqsədi daşıyır.
Qanun layihələri üçüncü oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə edilib