XƏBƏRLƏR

4 Yanvar 2019

İSİM-də “Azərbaycanda multisektoral tütünlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi üzrə Texniki Məsləhətçi Qrupun iclası keçirildi

www.isim.az 

21 dekabr 2018-ci il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Azərbaycanda multisektoral tütünlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi” layihəsi üzrə Texniki Məsləhətçi Qrupun (TMQ) iclası oldu. TMQ üzvləri: Milli Məclis Aparatı, Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (OMBUDSMAN), Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Agentlik), İSİM, “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, “Həmrəy” Gənclərin Maariflənməsinə Dəstək İctimai Birliyi, “Ümidli gələcək” Gənclər İctimai Birliyi, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək – İctimai Birliyi, “Həyat” Beynəlxalq Humanitar Təşkilatı, “LAYF” Xeyriyyə İctimai Birliyi və  “Sağlam Düşüncə” Gənclər Təşkilatının nümayəndələri iclasda iştirak etdilər.

Layihə çərçivəsində TMQ-yə rəhərlik edən İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev ölkədə tütünlə mübarizə sahəsində görülən işlər, prioritetlər və nailiyyətlər barədə məlumat verdi. Azərbaycan Prezidentinin 29 dekabr 2017-ci il tarixli Fərmanı ilə ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun tətbiqindən söz açan T.Musayev tütünçəkmə qadağan olunan yerlərdə aparılan müşahidə tədqiqatının nəticələrini iştirakçıların nəzərinə çatdırdı: “Əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addım olan bu qanunun tətbiqi gündəlik həyatımızda artıq özünü göstərir. Əsas məqsədimiz budur ki,  hökumət və vətəndaş cəmiyyəti ilə birgə fəaliyyət göstərərək, Azərbaycanda tütünlə mübarizə mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində görülən işlərə dəstək olaq”. İclasda çıxış edən Milli Məclis Aparatının sosial qanunvericlik şöbəsinin bölmə müdiri Adil Vəliyev tütünlə mübarizədə dövlətin dəstəyi,  əhəmiyyətli perspektivlər barədə danışdı. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə geniş təqdimatla çıxış edərək, “Azərbaycanda qeyri-infeksion xəstəliklər yükü: STEPS-2017 tədqiqatının nəticələri” barədə məlumat verdi. İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə “Sağlamlığı təşviq edən məktəblər: SHE yanaşmasının ölkədə tətbiqi” mövzusunda təqdimatı iştikarçıların nəzərinə çatdırdı.

İclasda layihə çərçivəsində nəzərdə tutulan iş planı müzakirə edildi, iştirakçıların təklifləri qeyd olundu.