XƏBƏRLƏR

16 Yanvar 2019

Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılması nəzərdə tutulub

www.azertag.az 

Yanvarın 16-da Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, İSİM-in direktoru Qəhrəman Haqverdiyev çıxış edərək tədbirin keçirilməsində əsas məqsədin əhalinin diqqətini tütünün yaratdığı təhlükəli fəsadlara yönəltmək və bu istiqamətdə maarifləndirməni daha da genişləndirmək olduğunu deyib: “Əhalinin sağlamlığının qorunması, gənc nəslin sağlam böyüməsi və inkişafı, tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması məqsədilə ölkəmizdə kompleks tədbirlər görülür, qanunvericilikdə mühüm dəyişikliklər edilir. Hazırda əsas məqsəd Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasıdır”.

Dünya Səhiyyə Təşkilatının (DST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı çıxış edərək tütün epidemiyası ilə mübarizənin aktual məsələ olduğunu vurğulayıb. O, həmçinin bildirib: “ Tütündən istifadə bütün dünyada ciddi problem olaraq qalır. Çox təəssüf ki, Azərbaycanda da tütün məmulatlarından kifayət qədər istifadə edilir. Belə ki, Azərbaycanda tütün istifadəçilərinin sayı təxminən 1,3 milyona bərabərdir. Digər bir diqqətçəkən məqam ondan ibarətdir ki, siqaret çəkən insanların yarısı 70 yaşına çatmadan vəfat edir. Ona görə də tütündən istifadənin qarşısını almaq üçün ciddi mübarizənin aparılması çox vacibdir. Bu istiqamətdə atılacaq addımlardan başlıcası tütün məmulatlarının qiymətinin artırılmasıdır. Çünki Azərbaycanda siqaretin qiyməti çox ucuzdur. Qiymətlərin bahalaşdırılması xüsusilə gənclərin siqaret çəkməyə başlamasının qarşısını nisbətən ala bilər. Həmçinin tütün məmulatlarının reklamını azaltmaq, böyük marketlərdə qapalı şəkildə satmaq ondan istifadənin azalmasına töhfə verə bilər. Başqa bir problem gənclərin qəlyandan istifadəsidir. Bunu bilmək vacibdir ki, 1 saat qəlyan çəkmək 40 siqaretə bərabərdir”.

DST-nin nümayəndəsi Azərbaycanda tütün məmulatlarından istifadənin qarşısının alınması istiqamətində görülən tədbirləri yüksək qiymətləndirib, təqdim olunacaq yeni mobil əlavənin siqaretdən istifadənin azaldılmasına töhfə verəcəyinə inandığını bildirib.

İSİM-in əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Qanunun tətbiqinin gündəlik həyatımızda artıq özünü göstərdiyini, ictimai yerlərdə tüstüsüz mühitin yaradılması üçün müəyyən qadağalar və inzibati cəzalar həyata keçirildiyini diqqətə çatdırıb. Şöbə müdiri qeyd edib ki, Azərbaycanda tütündən istifadə ilə bağlı azalma tendensiyası müşahidə edilir. Buna səbəb görülən işlər, qanunvericiliyin təkmilləşdirilməsi və əhalinin sağlamlığının qorunması istiqamətində atılan addımlardır. Lakin ölkəmizdə tütündən istifadə cavanlaşır. Belə ki, 13-15 yaşlı yeniyetmələrin təqribən 10 faizi tütün məmulatlarından istifadə edir. T.Musayev elektron siqaret, qəlyan və tütün məmulatlarının eyni dərəcədə orqanizmə zərər vurduğunu diqqətə çatdırıb. O, siqaret çəkənləri özləri ilə yanaşı, ailə üzvlərini, yaxınlarını ətrafdakıları da düşünməyə səsləyib.

Mərkəzin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə DST-nin ölkə ofisinin dəstəyi ilə yaradılan “Tütündən imtina et” mobil aplikasiyası barədə geniş məlumat verib: “Aplikasiyanı işə salanda buraya gündə çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Sonra proqram tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərəcək. Bu proqramda nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat və digər faydalı informasiyalar da mövcuddur”.

İSİM-in səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə tütünlə mübarizə sahəsində maarifləndirmə işinin təşkili və bu istiqamətdə həyata keçirilmiş tədbirlərdən danışıb.

Sonra tütün məmulatlarının zərərlərindən bəhs edən videoçarxlar nümayiş olunub.

Hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə keçən dəyirmi masada səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib.

Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilən tütün əleyhinə maarifləndirici materiallar təqdim olunub.