XƏBƏRLƏR

16 Yanvar 2019

“Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi

www.isim.az 

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM)16 yanvar 2019-cu il tarixdə “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirildi.

İSİM-in direktoru Qəhrəman Haqverdiyev giriş sözü ilə çıxış edərək bildirdi ki, tədbirin əsas məqsədi əhalinin diqqətini tütünün yaratdığı təhlükəli fəsadlara yönəltmək və bu istiqamətdə maarifləndirməni daha da genişləndirməkdir: “Əhalinin sağlamlığının qorunması, gənc nəslin sağlam böyüməsi və inkişafı, tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması məqsədilə ölkəmizdə kompleks tədbirlər görülür, qanunvericilikdə mühüm dəyişikliklər edilir. Hazırda əsas məqsədimiz budur ki, Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasına nail olaq”. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı çıxış edərək, tütün epidemiyası ilə mübarizənin aktual məsələ olduğunu vurğuladı. İSİM-in Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev bildirdi ki, ölkəmizdə "Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanunun tətbiqi gündəlik həyatımızda artıq özünü göstərir, ictimai yerlərdə tüstüsüz mühitin yaradılması üçün müəyyən qadağalar və inzibati cəzalar həyata keçirilir. İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə ÜST-nin ölkə ofisinin dəstəyi ilə yaradılan “Tütündən imtina et” mobil aplikasiyasıbarədə geniş məlumat verdi: “Mobil əlavəni işə salanda buraya gündə çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Sonra proqram tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərəcəkdir”. Bildirildi ki, bu proqramda nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar da mövcuddur. İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdiri Şəhla Mirzəzadə tütünlə mübarizə sahəsində maarifləndirmə işinin təşkili və bu istiqamətdə həyata keçirilmiş tədbirlərdən söz açdı.

Hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı ilə keçən dəyirmi masada səmərəli fikir mübadiləsi aparıldı, təkliflər səsləndirildi.

Yekunda iştirakçılara İSİM tərəfindən hazırlanaraq çap edilən tütün əleyhinə marifləndirici materiallar təqdim olundu.