Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) “Tütündən imtina et” mobil aplikasiyasının təqdimatına və Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin təkmilləşdirilməsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Mərkəzdən e-tibb.az-a verilən məlumata görə, tədbir zamanı İSİM-in direktoru Qəhrəman Haqverdiyev bildirib ki, hazırda əsas məqsəd Azərbaycanda 2020-ci ilə qədər tütündən istifadənin 10 faiz azaldılmasına nail olmaqdır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Fatoş Hande Harmancı tütün epidemiyası ilə mübarizənin aktual məsələ olduğunu deyib.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə ÜST-ün ölkə ofisinin dəstəyi ilə yaradılan “Tütündən imtina et” mobil aplikasiyası barədə geniş məlumat verib. O qeyd edib ki, mobil əlavəni işə salanda buraya gündə çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir: “Sonra proqram tütünçəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərir. Bu proqramda nikotindən asılılıq testi, tütünçəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar da mövcuddur”.