XƏBƏRLƏR

21 Yanvar 2019

Siqaret idxalı bahalaşır

www.novator.az 

Nazirlər Kabineti Azərbaycana gətirilən bəzi malların aksiz dərəcələri ilə bağlı qərar verib. Novator.az bildirir ki, fevralın 10-da qüvvəyə minəcək qərara əsasən, tərkibində tütün olan siqaretlərin aksiz dərəcəsi 1000 ədəd üçün 28 manata qalxır. Hazırda aksiz dərəcəsi 12 manatdır.

Tərkibində tütün olan siqarlar, o cümlədən ucları kəsilmiş siqarların aksiz dərəcəsi 1 ədəd üçün 1 manat müəyyən edilir. Hazırda aksiz dərəcəsi 1000 ədəd üçün 20 manatdır.

Şəkər əlavələri və ya digər şirinləşdirici və ya dad-aromatik maddələr əlavə edilmiş alkoqolsuz energetik içkilərə 1 litr üçün 3 manat; meyvə və tərəvəz şirəsi əsaslı alkoqolsuz energetik içkilərə 1 litr üçün 3 manat; tutumu 2 litrdən az olan alkoqollu energetik içkilərə 1 litr üçün 2 manat; tutumu 2 litrdən çox olan alkoqollu energetik içkilərə 1 litr üçün 2 manat; tərkibində tütün olan siqarillalara 1000 ədəd üçün 20 manat; tərkibində tütün əvəzləyicisi olan siqarlara 1 ədəd üçün 1 manat; tərkibində tütün əvəzləyicisi olan siqarillalara 1000 ədəd üçün 20 manat; tərkibində tütün əvəzləyicisi olan siqaretlərə 1000 ədəd üçün 28 manat; elektron siqaretlər üçün mayeyə 1 litr üçün 20 manat aksiz dərəcəsi tətbiq ediləcək.