2015-ci il mayın 31-dən etibarən Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Facebook səhifəsində “HƏR GÜNÜN TÜTÜNSÜZ OLSUN!” adlı aksiyaya start veriləcək. Aksiya 1 il davam edəcək.
Aksiyaya qoşulmaq üçün xüsusi hazırlanmış “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” adlı plakat və ya həmin yazı fonunda çəkilmiş fotoşəkil mesajla İSİM-in Facebook səhifəsinə göndərilməlidir. Göndərilən şəkillər İSİM-in Facebook səhifəsində yerləşdiriləcək. Aksiya iştirakçıları şəkilləri #mensiqaretcekmirem haştaqı ilə üzv olduqları sosial şəbəkələrdə də paylaşa bilərlər.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il 31 may Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. Həmin gün ictimaiyyətin diqqəti tütündən istifadənin təhlükələrinə, tütün epidemiyasına qarşı aparılan mübarizəyə, gələcək nəsillərin qorunması məqsədilə dünya ictimaiyyətini fəal olmağa yönəldilir.
Dünyada hər il təxminən 6 milyon insan tütünçəkmənin yaratdığı xəstəliklərdən dünyasını dəyişir. 20-ci əsrdə tütün epidemiyası bütün dünyada 100 milyon insanın həyatına son qoyub.
Tütünlə mübarizə bir gün yox, hər gün aparılmalıdır! İSİM hamını “HƏR GÜNÜN TÜTÜNSÜZ OLSUN!” adlı aksiyaya qoşulmağa və tütünlə mübarizədə həmrəy olmağa çağırır!