Qırmızı və ağ köynəklər üzərində “Sağlam gələcək naminə tütün çəkməkdən uzaq ol” şüarı əks olunan könüllülər və İctimai Səhiyyə İslahatları Mərkəzinin nümayəndələri küçə ilə addımlayan gənclərə yaxınlaşaraq tütün və tütün tüstüsünün zərəri barədə onlara ətraflı məlumat verib, əllərindəki gülü onlara bağışlayıblar...
AZƏRTAC xəbər verir ki, martın 5-də Fəvvarələr meydanında Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin təşkilatçılığı, Azərbaycan Tibb Universiteti və Bakı Tekstil Fabrikinin dəstəyi, kütləvi informasiya vasitələri nümayəndələrinin fəal iştirakı ilə “Həyatınızı külə yox, gülə çevirin!” aksiyası keçirilib. Aksiyanın əsas məqsədi əhalini tütünçəkmənin təhlükəli təsiri barədə maarifləndirməkdən ibarət olub.
Bahar bayramı və 8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən aksiya zamanı tədbirdə iştirak edən könüllülər əllərində gül sakinlərə, xüsusilə gənc və yeniyetmələrə yaxınlaşaraq tütünçəkmənin zərərlərini izah ediblər.
Gənclərlə söhbət zamanı onlara izah olunub ki, tütünçəkmə sağlamlığa ciddi ziyan vurmaqla yanaşı, xarici görünüşə mənfi təsir edir, dişlərin və dırnaqların saralması, saçların tökülməsi, eləcə də erkən yaşda qırışların əmələ gəlməsi ilə nəticələnir. Əhalinin sıx olduğu məkanda keçirilən aksiyada sakinlərin diqqətinə o da çatdırılıb ki, passiv tütünçəkmə tütün tüstüsü ilə çirklənmiş hava ilə nəfəs almaqdır və bu, hər kəsin, xüsusilə də uşaqların həyat və sağlamlığı üçün təhlükəlidir. Odur ki, könüllülər sakinləri “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu”nun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Dünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırıblar.
Mərkəzin hazırladığı maarifləndirici çap materiallar əhaliyə paylanılıb və aksiya Azərbaycan Tibb Universiteti tələbələrinin ifasında “Sağlam gələcək naminə tütünçəkmədən uzaq olun!” fləşmobla başa çatıb.