XƏBƏRLƏR

7 İyun 2019

ADMİU-DA ÜMUMDÜNYA TÜTÜNSÜZ GÜNÜ MÜNASİBƏTİ İLƏ TƏDBİRLƏR KEÇİRİLİB

www.admiu.edu.az 

Ümumdünya Tütünsüz Günü münsibəti ilə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən 31 may 2019-cu ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində görkəmli ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, KİV nümayəndələrinin iştirakı ilə “Hər günün tütünsüz olsun!” mövzusunda dəyirmi masa keçirilib. Tədbiri giriş sözü ilə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru professor Gülşən Əliyeva açaraq, ölkəmizdə gənclərin xüsusi qayğı ilə əhatə olunduğunu, yeni nəslin sağlam inkişafının, təhsilinin, mənəvi tərbiyəsinin daim diqqət mərkəzində saxlanıldığını vurğulayıb. Zərərli vərdişlərin həm sağlamlığa, həm də yaradıcılığa ciddi zərər vurduğunu bildirən G.Kəngərli yeni nəsli sağlam həyat tərzi keçirməyə çağırıb. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə əhalinin sağlamlığının qorunması, tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması məqsədi ilə təhsil müəssisələrində silsilə maarifləndirmə tədbirlərinin keçirildiyini bildirib. Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin rəhbəri Hande Harmançı çıxış edərək, 31 may – Ümumdünya Tütünsüz Gününün tarixi və günün builki mövzusu olan “Tütün və ağciyərlərin sağlamlığı” bərədə məlumat verib. İSİM-in İctimai sağlamlıq şöbəsinin müdiri Tofiq Musayev bildirib ki, tütün tüstüsünün təsiri nəticəsində ildə təxminən 8 milyon insan dünyasını dəyişir: “Odur ki, ölkəmizdə “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında" Qanununun qəbul edilməsi və icra olunması əhalinin sağlamlığının qorunması sahəsində çox mühüm addımdır”. Azərbaycan Respublikası Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin bölmə müdiri Adil Vəliyev tütünçəkmə ilə mübarizədə dövlətin dəstəyini və bu sahədə məqsədyönlü tədbirlərin böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb. İSİM-in Səhiyyə kommunikasiyası şöbəsinin müdiri Laura Quliyeva tütünçəkmə və digər zərərli vərdişlərə qarşı mübarizənin daha effektiv, daha səmərəli aparılması üçün əməkdaşlığın, qarşılıqlı fəaliyyətin mühüm rolunu vurğulayıb. 

Görkəmli mədəniyyət xadimləri – Xalq artistləri Zamiq Əliyev, İlham Namiq Kamal, Əməkdar artistlər – Azad Şükürov, Fehruz Səxavət və Əliağa Sədiyev, müğənni Cavid Hüseyn, gənc rejissor Ümid Abbas çıxış edərək, tütünçəkmənin yaradıcılığa və sağlamlığa zərərlərindən söz açıb, şəxsi təcrübələrini iştirakçılarla bölüşərək, yeni nəsli zərərli vərdişlərdən uzaq olmağa səsləyiblər. 

Ədəbiyyat və incəsənət xadimləri, səhiyyə mütəxəssisləri, KİV nümayəndələrinin iştirakı ilə keçən dəyirmi masada mövzu ətrafında səmərəli fikir mübadiləsi aparılıb, maraqlı təkliflər səsləndirilib.

Daha sonra Universitetin həyətində “Tütün çəkmə, şəkil çək!” şüarı ilə maarifləndirici təşviqat aksiyası baş tutub.

İSİM-in təşkilatçılığı, ADMİU rəhbərliyi, tələbələri, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri, kütləvi informasiya vasitələri nümayəndələrinin fəal iştirakı ilə keçirilən aksiyanın məqsədi tütünçəkmə ilə mübarizə sahəsində maarifləndirmə işinin gücləndirilməsi olub. Aksiya çərçivəsində Universitet tələbələrinin iştirakı ilə “Mən siqaret çəkmirəm! Sən də çəkmə!” selfi generatorundan istifadə etməklə fotoşəkillər çəkilib. Tələbələr xüsusi hazırlanmış böyük siqaret maketində yerləşdirilmiş məlumatlandırıcı vərəqələrlə tanış olmaqla, tütün tüstüsünün tərkibindəki maddələr (nikotin, aseton, ammoniyak, arsen və s.) barədə ətraflı maarifləndiriliblər.

İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə çıxış edərək gəncləri zərərli vərdişlərdən uzaq olmağa çağırıb. Tədbir təşkilatçıları bütün iştirakçıları “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə ciddi riayət etməyə, qapalı məkanlarda tütün tüstüsündən azad mühit yaratmağa və bu zərərli vərdişdən qurtulmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının ölkə ofisinin dəstəyi ilə İSİM tərəfindən yaradılan “Tütündən imtina et” mobil aplikasiyasından faydalanmağa çağırıblar.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə 1988-ci ildən başlayaraq hər il 31 may Ümumdünya Tütünsüz Günü kimi qeyd olunur. Bu tarixlə bağlı bir çox dünya ölkələrində, o cümlədən Azərbaycanda hər il əhalininin tütünçəkmənin təhlükəli təsiri barədə maarifləndirməsi istiqamətində kütləvi tədbirlər, aksiyalar, fləşmoblar təşkil olunur.