Elektron siqaretlər insan sağlamlığına ciddi təhlükə törətdiyi üçün ölkəyə gətirilməsi qadağan olunmalıdır.
Milli.Az bildirir ki, bu sözləri Axar.az-a elektron siqaretlərin insan sağlamlığına zərərləri barədə danışan tibb üzrə ekspert, professor Adil Qeybulla deyib. O bildirib ki, elektron siqaretlərin kanserogen effekti adi siqaretdən geri qalmır:
"Bəzi insanlar elektron siqaretlərin zərərsiz olduğunu bəhanə edərək, ondan istifadə edirlər. Əslində isə bu, bəzilərinin uydurduğu yalandır. Çünki bu siqaretin tərkibindəki süni, aromatik maddələr həm birbaşa, həm də tüstülənərək nəfəs yoluna daxil olur. Bu da insan sağlamlığı üçün çox ziyandır. Bu səbəbdən elektron siqaretlərin istifadəsindən çəkinmək lazımdır. Təəssüflər olsun ki, son vaxtlar elektron siqaretlər bəzi insanların əlində biznesə çevrildi. Hesab edirəm ki, biz genofondu qorumaq istiqamətində işlər görməliyik. Ümumdünya Səhiyyə Təşkilatı onun ziyanını sübuta yetiribsə və bununla bağlı rəylər ortadadırsa, biz də bəzi ölkələr kimi ondan imtina etməliyik. Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı tövsiyələrinə qulaq asmalıyıq. Ölkədə elektron siqaretlərin ziyan olması ilə bağlı təbliğat işləri aparılmalı və onun ölkəyə gətirilməsi qadağan olunmalıdır. Bu zərərli vərdişdən insanlar əl çəkməlidirlər".
Qeyd edək ki, Hindistanda elektron siqaret sağlamlığa ciddi təhlükə törətdiyi üçün qadağan edilib. Bundan başqa ABŞ-ın bəzi ştatlarında da tütün qoxulu istisna olmaqla, meyvəli, şirin, nanə və mentol ətirli elektron siqaretlər qadağan olunub.