XƏBƏRLƏR

10 Oktyabr 2019

Tütündən imtina edəndən sonra ilk 8 saat ərzində qanda oksigenin səviyyəsi normallaşır

www.azertag.az 

 

Dünya Səhiyyə Təşkilatının açıqlamasına görə, hər il dünyada 8 milyon insan siqaret və onun yaratdığı xəstəliklər nəticəsində həyatını itirir. Onun 1 milyonu passiv tütünçəkəndir, yəni tütün məmulatlarından istifadə etməyib, onun zərərli təsirinə məruz qalan şəxslərdir. Tərkibində 7 mindən artıq kimyəvi maddənin daşıyıcısı olan tütün tüstüsü ağciyər, boğaz, mədə xərçəngi kimi ölümcül xəstəliklərə səbəb olur.

AZƏRTAC xəbər verir ki, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin şöbə müdiri Laura Quliyeva siqaretin zərərləri barədə danışarkən XX əsrdə tütünçəkmənin 100 milyon insanın həyatını itirməsinə səbəb olduğunu bildirib: “Əgər qarşısı alınmazsa, XXI əsrdə tütünçəkmə nəticəsində 1 milyard nəfərin həyatına son qoya bilər. Ona görə də tütünçəkmə ilə mübarizə dünyada, o cümlədən ölkəmizdə aktual məsələlərdən biridir. Bu sahədə tədbirlərin görülməsi “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya” və “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasından irəli gələn əsas vəzifələrdir. Siqaretin zərərli təsirləri ilə əlaqədar müntəzəm olaraq əhalinin sıx olduğu məkanlarda maarifləndirici aksiya və tədbirlər həyata keçirilir, tütünçəkmənin zərərli təsirləri iştirakçılara izah edilir, onlara İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən hazırlanan müxtəlif çap materialları paylanılır”.

Araşdırmalar nəticəsində məlum olub ki, 1 ədəd siqaret insan həyatını 11 dəqiqə azaldır. L.Quliyeva bildirib ki, insanların sağlamlığının qorunması üçün hər kəs tütünçəkmə ilə mübarizəyə öz töhfəsini verməyə çalışmalıdır: “Geniş təbliğat-təşviqat tədbirləri, maarifləndirmə işləri, qapalı məkanlarda tütün məmulatlarından istifadənin qarşısının alınması, tütün məmulatlarının satışı, reklamı ilə bağlı qanunvericiliyin gücləndirilməsi kimi məsələlər tütünçəkmə ilə mübarizədə böyük rol oynayır. Son vaxtlar modern vasitələrdən də geniş istifadə edilərək əhaliyə bu zərərli vərdişin fəsadları barədə ətraflı məlumat verilir. Sosial şəbəkələrdə maarifləndirici sosial çarxlar, məlumatlar mütəmadi olaraq yenilənir, eyni zamanda tütün istifadəçilərinin nəzərinə zərərli vərdişdən vaxtında xilas olmaq, ondan imtina etməyin mümkünlüyü və hər il milyonlarla insanın həmin təhlükədən xilas olduğu çatdırılır. Bu məqsədlə “Tütündən imtina et!” mobil əlavəsindən faydalanmaq mümkündür”.

Siqareti tərgidən insanın orqanizmində ilk dəyişikliklər 20 dəqiqə sonra özünü büruzə verməyə başlayır. Qan təzyiqi, ürək döyüntüləri stabilləşir, qan dövranı sürətlənir. İlk 8 saat ərzində qanda oksigenin səviyyəsi normallaşır, 1 həftədən sonra sifətin rəngi yaxşılaşır, 1 aydan sonra tənəffüs yüngülləşir, öskürək narahat etmir, 1 ildən sonra ürək xəstəliklərinin inkişaf etməsi riski siqaret çəkən şəxslə müqayisədə yarıya enir.