XƏBƏRLƏR

30 Sentyabr 2016

İSİM-də Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi üzrə ilk işçi görüş keçirildi

www.isim.az

29 sentyabr 2016-cı il tarixdə Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində (İSİM) Azərbaycan Respublikasının tütünlə mübarizəyə aid mövcud qanunvericiliyinin gücləndirilməsi üzrə təkliflərin hazırlanmasına dair görüş baş tutdu. Bu görüş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”nın həyata keçirilməsi üzrə Səhiyyə Nazirliyinin Fəaliyyət Planının 9.2.1.1-ci bəndinin icrası məqsədilə  Azərbaycan Respublikasının müvafiq normativ hüquqi aktlarının "Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Çərçivə Konvensiyası" maddələrinin həyata keçirilməsinin Rəhbər Prinsiplərinə uyğunluğu baxımından mövcud hüquqi bazanın gücləndirilməsi üzrə təkliflərin hazırlanması istiqamətində ilk addım oldu. Görüşdə Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, İnsan Hüquqları üzrə Müvəkkilliyi (Ombudsman), Azərbaycan Tibb Universiteti, “Gənclərin İnkişafı Naminə” İctimai Birliyi, Ümidli Gələcək Gənclər İctimai Birliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Agentlik), “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, Azərbaycan Qızıl Aypara Cəmiyyəti, “Həmrəy” Gənclərin Maarifləndirilməsinə Dəstək İctimai Birliyi  və media vasitələrinin nümayəndələri iştirak etdilər.

Toplantı iştirakçılarını İSİM-in adından salamlayan mərkəzin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev çıxışında Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində həyata keçiriləcək fəaliyyətlərin əsas məqsədi hökumət və vətəndaş cəmiyyəti ilə birgə Azərbaycan Respublikasının tütünlə mübarizəyə aid müvafiq qanunvericiliyinin gücləndiriməsi, tütün məmulatlarının reklamı, satışın stimullaşdırılması və sponsorluğuna qarşı, o cümlədən pərakəndə ticarət obyektlərində tütün məmulatlarının görünməsi və hər hansı təsvirinə dair tam qadağanedici tədbirlərin tətbiq edilməsi, eyni zamanda tütün tüstüsündən azad ictimai yerlərin yaradılmasının zəruriliyindən danışdı. Tütünlə mübarizə sahəsində prioritetləri, problemləri və nailiyyətləri açıqlayan natiq Tütün və tütün məmulatı haqqında Azərbaycan Respublikasının Qanununun və Azərbaycan Respublikasının Reklam haqqında Qanununun bir çox güclü tərəfləri olmasına baxmayaraq, bu qanunlara dəyişikliklər edilməsinin ölkə əhalisi, xüsusilə də uşaq, yeniyetmə, gənclər üçün zəruriliyini qeyd etdi. “Bizim istədiyimiz – insanların tütün tüstüsündən qoruması mexanizmlərini daha da gücləndirməkdir. Bu sahədə bir çox işlər görülüb, lakin görülməli işlər də az deyil. Hazırda dünya əhalisinin 30% tütün çəkir, ildə 6 milyon insan tütün tüstüsünün təsirindən yaranan ağır qeyri-infeksion xəstəliklərdən dünyasını dəyişir və əfsuslar ki, bunlardan 10%-i siqaret çəkməyən, lakin başqalarının tütün tüstüsü ilə nəfəs almaq məcburiyyətində olan insanlardır.  Bu dinamika artmaqdadır və əgər kompleks tədbirlər görülməzsə 2030-cu ilədək dünya üzrə tütün tüstüsünün təsiri səbəbindən ölənlərin sayı ildə 8 milyondan çox olacaq” – deyə bildirdi. Qarşıya qoyulan məqsədə nail olmaq üçün tütün məmulatlarının satışı və reklamına, eləcə də tütün çəkilməsi qadağan edilən yerlərə dair qüvvədə olan milli qanunvericiliyin “Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Çərçivə Konvensiyası"nın 8-ci və 13-cü maddələrinə və onların həyata keçirilməsinin Rəhbər Prinsiplərinə, həmçinin beynəlxalq təcrübə və normalara uyğunlaşdırılması,  vətəndaş cəmiyyəti və qərar qəbul edən şəxslərlə birgə müvafiq qanunvericiliyin təkmilləşdirilməsi nəzərdə tutulur. Bu işin daha səmərəli aparılması üçün onun geniş dəstəklənməsi və kompleks təbliğat tədbirlərinin həyata keçirilməsi vəzifələri ön planda olduğu xüsusilə vurğulandı. T. Musayevin sözlərinə görə bugünkü görüşün davamı olaraq mövzu ətrafında mütəmadi məqsədyönlü görüşlər və tədbirlər təşkil olunacaq və məsələ üzrə bütün aidiyyatı qurumlarla və KİV-lərlə sıx iş birliyi qurulacaq.

Görüşün digər təşkilatçısı İSİM-in Səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov iştirakçıların nəzərinin bütün dünya üçün əsas ölüm, xəstəlik və əlillik yükünə çevrilən qeyri-infeksion xəstəliklərə (QİX) yönəltdi. Məruzəçi tədbirin keçirilməsində əsas iki istiqamətin olmasını qeyd etdi: birincisi - Azərbaycan Respublikası tütünlə mübarizə qanunvericiliyinin mövcud hüquqi bazanın gücləndirilməsi üzrə təkliflərin hazırlanması, ikincisi isə - belə görüşlərin təşkili sayəsində qeyri-səhiyyə sahəsində çalışan şəxslərin, dövlət və qeyri-dövlət qurumlarının tütünlə mübarizədə və tütünün yaratdığı fəsadların aradan qaldırılmasında, QİX-in profilaktikasını təmin etmək üçün məlumatlılığın artırmasıdır. “Bu məsələnin nə dərəcə vacib olduğunu araşdırmaların nəticələrindən görə bilirik: Azərbaycanda hazırda il ərzində ümumi ölənlərin 87% faizini QİX-dən ölənlər təşkil edir. Biz bu vəziyyəti dəyişməyə birgə çalışmalıyıq” – deyə N. Seyidov nitqini yekunlaşdırdı.

Daha sonra görüş iştirakçıları arasında mövzu ətrafında fikir mübadiləsi və müzakirələr aparıldı. Görüşdə təmsil olunan hər bir qurum nümayəndəsi Azərbaycanda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində aparılacaq işləri dəstəklədi və müzakirə edilən məsələlərin həll olunması üçün hazır olduqlarını bildirdilər.

Görüşün yekununda tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi sahəsində müvafiq işlərin istiqamətləndirilməsi üçün Texniki Məsləhətçi Qrupu (TMQ) yaradıldı. Bu TMQ tütünlə mübarizə qanunvericiliyinin gücləndirilməsi istiqamətində məşvərətçi xidmətlər göstərəcək, mövcud qanunvericiliyin təhlili, eləcə də “Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyası”na dair Azərbaycanın öhdəlikləri və beynəlxalq təcrübə əsasında qanunvericiliyin təkmilləşdirilməsi üçün təkliflər verəcək, tütünlə mübarizənin gücləndirilməsinə dəstək kampaniyalarında iştirak edəcəkdir.