XƏBƏRLƏR

20 Dekabr 2019

İctimai Səhiyyə və İslahatlar Mərkəzi: Azərbaycanda məktəblilərin 7 faizi siqaret çəkir

www.apa.az 

İctimai Səhiyyə və İslahatlar Mərkəzi: Azərbaycanda məktəblilərin 7 faizi siqaret çəkir

"Azərbaycanda tütündən istifadənin səviyyəsinin hələ də yüksək qalmasına baxmayaraq, ÜST-ün məlumatlarına əsasən tütünçəkmə səviyyəsində azalma müşahidə edilir".

APA xəbər verir ki, bunu ''Qeyri-infeksion xəstəliklərin yükü və mübarizə strategiyaları'' mövzusunda II Milli Konfransda İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev deyib. Onun sözlərinə görə, böyüklər arasında passiv tütünçəkmə göstəricilərində bir qədər azalma müşahidə olunsa da, rəqəmlər hələ də yüksəkdir: "Əksər hallarda insanların tütün çəkməsi yeniyetmə yaşlarında başlayır. Hazırda Avropa regionunda tütünçəkmə ən yüksək səviyyədədir. Bəzi ölkələrdə yeniyetmələrin tütünçəkmə göstəriciləri böyüklərin analoji göstəriciləri ilə eynidir. Azərbaycanda keçirilmiş tədqiqatlar göstərir ki, 13-15 yaşlı məktəblilərin 10 faizi nə vaxtsa siqaretin dadına baxıb, 7 faizi hələ də siqaret çəkir. Diqqət edilməli məqam odur ki, siqaret çəkənlərin üçdə biri bunu 10 yaşadək edib. Deməli tədqiqatlar erkən yaşları əhatə etməlidir".

T.Musayev qeyd edib ki, Azərbaycanda siqaret çəkməyənlərin 29 faizi evdə, 41 faizi isə qapalı ictimai yerlərdə tütünün təsirinə məruz qalır: "Təəssüf ki, bu göstəricilər 5 il ərzində 50 faiz artıb. Bütün bu faktlar “İctimai yerlərdə tütünçəkmənin məhdudlaşdırılması haqqında” qanunun diqqətlə yerinə yetirilməsini tələb edir”.

Şöbə müdirinin sözlərinə görə, tütünlə mübarizədə effektiv yollardan biri tütün vergilərinin qaldırılmasıdır: “Azərbaycanda tütün vergiləri orta hesabla 7 faiz artıb. Yanvarın 1-dən bu rəqəm bir daha artacaq".