XƏBƏRLƏR

26 Oktyabr 2016

“Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminar keçirilib

www.sehiyye.gov.az

Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi problemləri” mövzusunda seminar təşkil olunub.

ÜST-nin Avropa Regional Bürosunun “Qeyri-infeksion xəstəliklərin profilaktikası və mübarizəsi” layihəsi çərçivəsində Rusiya Federasiyası Səhiyyə Nazirliyinin və İ. M. Seçenov adına Moskva Dövlət Tibb Universitetinin birgə dəstəyi ilə keçirilən tədbir 2016-cı ilin 17-21 oktyabr tarixlərində baş tutub.

Ümumdünya Səhiyyə Təşkilatının və MDB ölkələrinin nümayəndələrini iştirak etdiyi seminarda Azərbaycanı Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin səlahiyyətli şəxsləri təmsil ediblər.

Seminarın məqsədi Tütünə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının 14-cü maddəsinin həyata keçirilməsi prinsiplərinə əsasən insanlara tütündən istifadənin dayandırılması və müvafiq müalicəsində yardımın göstərilməsi üzrə milli sistemin və siyasətin gücləndirilməsinə cavabdeh olan şəxslərin bilik və bacarıqlarının artırılması idi.

Seminarda ÜST-nin Avropa Regionunun və Rusiya Federasiyasının “Tütündən istifadənin dayandırılmasına yardım göstərilməsi” sahəsində əldə etdikləri təcrübə və nəzəriyyələr müzakirə olunub.

Azərbaycandan təyin olunmuş mütəxəssislər də bu istiqamətdə qazanılan nailiyyətlərdən, bilik və bacarıq təcrübələrindən seminar iştrakçılarını məlumatlandırıblar. Nümayəndələrimiz “Tütündən istifadənin dayandırılması və tütün aludəçiliyindən müalicədə yardımın göstərilməsi üzrə Azərbaycanın nailiyyətləri” mövzusunda təqdimatla çıxış edib.

5 gün davam edən seminarda iştrakçılar Tütündən istifadənin dayandırılması və dəstəyin göstərilməsi üzrə hər hansı kompleks proqramların həyata keçirilməsində Tütünlə qarşı mübarizə haqqında ÜST-nin Çərçivə Konvensiyasının 14-cü maddəsinə müvafiq olaraq öz öhdəliklərinin müəyyən edilməsi, qeyd olunan maddəyə əsasən tütündən istifadənin dayandırılması və uyğun müalicənin həyata keçirilməsi, texniki tövsiyələrin icrası və təsviri, 2016-2018-ci illər üçün fəaliyyət proqramının gücləndirilməsi istiqamətində biliklərini artırıblar.

Tədbirin sonuncu günü yekun olaraq hər ölkə üçün iki ayrıca layihə hazırlayıb. Bunlardan biri - tütündən istifadə barədə ilkin tibbi-sanitariya yardımı səviyyəsində konsultativ xidmətlərin yaradılması, digəri isə - tütündən istifadənin dayandırılması üçün pulsuz telefon xidmətlərinin yaradılması və ya onun təkmilləşdirilməsi planları olub.