XƏBƏRLƏR

3 Mart 2020

Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması istiqamətində ardıcıl tədbirlər davam etdirilir

www.azertag.az 

Daxili İşlər Nazirliyinin (DİN) Baş İctimai Təhlükəsizlik İdarəsi “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunun tələblərindən irəli gələn vəzifələrin icrasını daim diqqət mərkəzində saxlayır, tütün tüstüsünün ətraf mühitə zərərli təsirinin azaldılması məqsədilə bir sıra məqsədyönlü tədbirlər həyata keçirir.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, respublikanın şəhər, rayon polis orqanları tərəfindən aidiyyəti təşkilatlarla birgə qanunla tütün çəkilməsinə icazə verilməyən yerlərdə - təhsil və tərbiyə, səhiyyə və tibbi-reabilitasiya müəssisələrində, idman yarışları və başqa kütləvi tədbirlərin keçirildiyi binalarda və obyektlərdə, habelə onların ərazilərində, uşaq meydançalarında, yerüstü qapalı və yeraltı piyada keçidlərində, Bakı Metropoliteninin stansiyalarının vestibüllərində, keçidlərində, platformalarında və vaqonlarda, hava və dəniz (çay) limanlarının inzibati binalarında, dəmir yolu vağzallarında, avtovağzallarda, avtobusların dayanacaq məntəqələrində, liftlərdə və çoxmənzilli yaşayış binalarının ümumi istifadədə olan yerlərində, taksafonlarda, yanacaqdoldurma məntəqələrində monitorinqlər keçirilib, fiziki və hüquqi şəxslər, fərdi sahibkarlar, eləcə də əhali arasında geniş izahat işləri aparılıb.

Maarifləndirmə tədbirləri çərçivəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanunun 11-ci maddəsinin 11.4-cü bəndinə əsasən, müvafiq qanunvericiliyin tələblərinin pozulması ilə bağlı Daxili İşlər Nazirliyinin 102 Xidməti - Zəng Mərkəzi Sisteminə və www.mia.gov.az elektron saytına müraciət etmək hüququnun olması barədə vətəndaşlara, fiziki və hüquqi şəxslərə, fərdi sahibkarlara məlumat verilib.

Ümumilikdə, 2018-2019-cu illər ərzində respublikanın şəhər, rayon polis orqanları tərəfindən keçirilmiş tədbirlər nəticəsində “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” Qanunla qadağan edilmiş yerlərdə tütün çəkdiklərinə, tütün məmulatları tullantılarını ətraf mühitə atdıqlarına görə 3034, tütün məmulatlarını yetkinlik yaşına çatmayanlara satdıqlarına görə 453 şəxs İnzibati Xətalar Məcəlləsinin 212.1-ci, 212.4-cü və 455.2-ci maddələrinə əsasən inzibati məsuliyyətə cəlb olunub. Onlara tətbiq edilmiş cərimələrin ümumi məbləği 137 min 290 manat olub.

Bu istiqamətdə tədbirlər davam etdirilir.