2019-cu il ərzində Bakı Nəqliyyat Agentliyinə müntəzəm marşrut xətləri ilə bağlı 8382 şikayət xarakterli müraciət daxil olub. 407 avtobus sürücüsü barəsində protokol tərtib edilib ki, bunların 235-i sürücülərin tütündən istifadəsi ilə bağlıdır.
Milli.Az xəbər verir ki, bu barədə Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat katibi Mais Ağayev oxu.az-ın son günlər sərnişinlərin müntəzəm marşrut xətləri ilə bağlı artan şikayətləri ilə əlaqədar sorğusunu cavablandırarkən deyib.
Onun sözlərinə görə, bütün bunlara səbəb olan birinci amil peşəkar sürücü çatışmazlığıdır:
"Bu gün avtobus sürücüləri ilə bağlı mövcud mənzərinin əsas səbəbkarları sərnişindaşıma şirkətləridir. Həmin daşıyıcılar sürücüləri gün ərzində 8 saatdan artıq işlədir. Bunun özü artıq çox ciddi qanun pozuntusudur. Hər gün səhər 6:00-dan axşam saat 22:00, 23:30 və ya daha gec müddətə qədər sükan arxasında əyləşən sürücüdən biz hansı peşəkarlığı, təhlükəsiz idarəetməni və ya nəzakətli davranışı tələb edə bilərik?
2019-cu il ərzində Bakı Nəqliyyat Agentliyinin qaynar xəttinə müntəzəm marşrut xətləri ilə bağlı rəsmi 8382 şikayət xarakterli müraciət daxil olub. Şikayətlər əsasında aparılan araşdırmalar zamanı 407 avtobus sürücüsü barəsində protokol tərtib edilib ki, protokolların 235-i sürücülərin tütündən istifadəsi ilə bağlıdır. Şikayətlər arasında sürücülərin yol hərəkəti və sərnişinlərlə etik davranış qaydalarının pozulması halları, marşrut xəttindən yayınma, dayanacaqdan kənar saxlama, hərəkət cədvəli və sxemlərinə riayət edilməməsi, müəyyən edilən tarifdən artıq gediş haqqının alınması və audiocihazlardan istifadə halları ilə bağlı məqamlar yer alır".
M.Ağayev onu da əlavə edib ki, Bakı Nəqliyyat Agentliyi bu gün öz səlahiyyətləri çərçivəsində bu məsələnin həlli istiqamətində zəruri tədbirlər görür:
"Sürücülərin peşəkarlığını artırmaq məqsədilə onları təlimlərə cəlb edirik. Məlumat üçün bildirim ki, 2019-cu ildə 1066 nəfər sürücü təlimlərə cəlb olunub. "BakuBus" yaranan zaman avtobuslar xaricdən alınıb. Sürücülər isə, təbii ki, öz vətəndaşlarımız olub. Onlar daha əvvəl başqa marşrut xətlərində, başqa daşıyıcılarla əməkdaşlıq edirdilər. Digər daşıyıcılardan fərqli olaraq, "BakuBus"da sürücülərin işə qəbulunda "Əmək Məcəlləsi"nin bütün tələblərini nəzərdə saxlanır, iş və istirahət vaxtları düzgün bölüşdürülür, onlar gündəlik plan verməyə məcbur edilməyib.
Bəzən marşrut avtobuslarının istismarının "BakuBus"a verildiyi zaman əvvəlki daşıyıcının işə götürdüyü sürücülərin işsiz qalacaqlarına dair məlumatlar yayılır. Bu qətiyyən belə deyil. Qanunvericiliklə müəyyən olunan tələblərə cavab verən sürücülər "BakuBus"da işlə təmin olunacaq və sürücü kimi fəaliyyətlərini orda daha rahat formada davam etdirəcək".