“Ölkəmizdə siqaret çəkən şəxslərin sayı artıb. İnsanlar pandemiya dövründə gərgin olurlar, əsəbləri dözmür və məcbur qalaraq siqaretdən istifadə edirlər”.
Bu fikirləri Publika.az-a danışan Azərbaycan Tibb Universitetinin (ATU) dosenti Ədalət Rüstəm deyib.
O bildirib ki, siqaret çəkən şəxslər virusu çox ağır formada keçirirlər və həmin şəxslərin ölüm faizi yüksəkdir: “Əslində, pandemiya siqaret çəkənlərin sayını artırıb. Azalma statistikası Avropa ölkələri üçün ola bilər. Lakin Şərq ölkələrində bu say kəskin artıb. Siqaret insanın bütün orqanlarına mənfi təsir göstərir. İlk növbədə ağciyərlər çox böyük zərbə alır. Sonra isə ən böyük zərəri qanın laxtalanma sisteminə vurur. Koronavirus da ən çox zərbəni qanın laxtalanma sisteminə, ağciyərlərə və ürək-damar sisteminə zərər vurur. Siqaretin də ən çox zərər vurduğu orqanlar məhz bunlardır”.
Həkim qeyd edib ki, virus siqaretə bənzəyir və insan bədənin zərər vurduğu hissələr də eynidir: “Siqaret hansı orqana zərbə vurursa, virus da eyni hissəni hədəf alır. Siqaret çəkən şəxsin koronavirusdan sağalma ehtimalını söyləyəcək konkret bir rəqəmlər yoxdur. Amma buna baxmayaraq çox risklidir. Siqaret çəkməyən xəstələrlə müqayisədə çəkənlərin ölüm riski çoxdur və ağırlaşmaların faizi onlardan üstündür. Bu şəxslər virusu çox ağır formada keçirirlər. İnsanları pandemiya dövründə siqaretdən az istifadəyə, bacardıqları qədər isə birdəfəlik isifadə etməməyə çağrıram”.
Qeyd edək ki, araşdırmaya görə siqaret çəkən hər 20 nəfərdən birinin ağ ciyərində fəsad olur. Dünyanın müxtəlif ölkələrində COVİD-19-la mübarizəyə paralel olaraq siqaretə tələbat kəskin aşağı düşüb. Belə ki, təkcə İngiltərədə 1 milyon nəfər siqaretdən imtina edib. Araşdırmanın nəticəsinə əsasən, son 4 ayda siqaretdən imtina edənlərin 41 faizi məhz yayılan pandemiyaya görə bu addımı atıb.