Mayın 29-da İctimai Səhiyyə və İslahatlar Mərkəzində 31 May-Ümumdünya Tütünsüz Gününə həsr olunmuş dəyirmi masa keçirildi.
31 may tarixi 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatının Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnaməsi ilə Ümumdünya Tütünsüz Günü elan edilib.
Dəyirmi masada siqaret çəkməyə qarşı ictimai təsirlərin gücləndirilməsinin zəruriliyi barədə danışıldı və müxtəlif təkliflər səsləndirildi.
Tədbirdə tütündən imtina edənlərə yardım etmək üçün reabilitasiya mərkəzlərinin yaradılması, bu problemi daim diqqət mərkəzində saxlamaq üçün ictimai koalisiyanın yaradılması, ÜST-nin bununla bağlı təklif etdiyi strategiyaların Azərbaycanda tətbiq edilməsi müzakirə olundu. Azərbaycanda siqaretlə mübarizə aparılması üçün təbliğat xarakterli televiziya verilişlərinin, reklam çarxlarının və çap məhsullarının hazırlanması eyni zamanda “Siqaretçəkmənin məhdudlaşdırılması haqqında” qanun layihəsi da diqqətə çatdırıldı.
Tədbirdə millət vəkilləri Hadi Rəcəbli, Musa Quliyev, İlham Məmmədov, Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun direktoru Faiq Ağayev, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun direktoru Azad Hacıyev, İctimai Səhiyyə və İslahatlar Mərkəzinin direktoru Ceyhun Məmmədov, Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşı Şakuri Şervin, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Departament rəhbəri Cəsarət Valehov, Açıq Cəmiyyət İnstitutu-Yardım Fondunun tibbi koordinatoru Leyla İmanova, USAİD-in İlkin Səhiyyə Xidmətlərinin Gücləndirilməsi Layihəsinin məsləhətçisi Aleksandr Paseçnikov, “Sağlamlığa Çağırış” İctimai Birliyinin təmsilçisi Aytəkin Əsgərova iştirak etdilər.