XƏBƏRLƏR

14 Dekabr 2009

“Tütünlə Mübarizə üzrə Milli Konfrans”

14 dekabr 2009-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və Azərbaycan Səhiyyə Kommunikasiyası Assosiasiyası (AHCA) tərəfindən ABŞ-ın Blumberq Təşəbbüsü Fondunun dəstəyi ilə “Azərbaycan üzrə Tütünlə Mübarizə Strategiyasının Hazırlanması” layihəsi çərçivəsində tütünçəkmə ilə mübarizə məsələlərinə həsr olunmuş konfrans təşkil edildi.

“Hyatt Regency” mehmanxanasında keçirilən konfransda Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, dövlət, beynəlxalq və qeyri-hökumət qurumlarının aidiyyəti ekspertləri və nümayəndələri iştirak etmişdir. Tədbirdə tütün epidemiyası ilə bağlı məsələlər təhlil olundu, müxtəlif təqdimatlarla çıxışlar edildi və irəli gələn məsələlər ətrafında müzakirələr aparıldı. Seminarın açılışında İSİM-in direktoru Ceyhun Məmmədov və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin müdiri Sultan Əliyev çıxış edərək tədbirin məqsədi, tütünçəkmə problemi və onunla mübarizə məsələləri ətrafında danışdılar.

Qeyd olunmuşdur ki, üçüncü minilliyin başlanğıcında tütünçəkmə artıq dünyanı bürümüş qlobal problemlərdən birinə çevrilmişdir. Elmi təcrübələr təsdiq edir ki, tütünçəkmə dünyada qarşısı alına bilinən əsas ölüm səbəblərindən biridir və müasir dövrdə tütünçəkmənin əhalinin sağlamlığına təsiri problemi ilbəil artaraq dünya ictimaiyyətinin daima diqqət mərkəzindədir. Hazırda tütün epidemiyası ictimai səhiyyənin ən ciddi təhlükələrindən biri hesab olunur və beynəlxalq ekspertlərin rəyinə görə bu problem yaxın gələcəkdə də öz aktuallığını itirməyəcək.

Xüsusilə  vurğulanmışdır ki, 20-ci əsrdə tütün epidemiyası  bütün dünyada 100 milyon insanın həyatına son qoydu. Beynəlxalq ekspertlərin rəyinə görə indiki tendensiyanın qalacağı halda 2030-cu ilədək dünyada tütünçəkmə səbəbindən ölənlərin sayının ildə 8 milyona çatması və ümumi olaraq 21-ci əsrdə tütündən 1 milyard insanın vəfat etməsi gözlənilir. Məhz buna görə tütün epidemiyası səbəbindən vaxtından əvvəl ölüm, xəstəliklər və əlillik yükünün xeyli azalması onların əsasında duran səbəblərin aradan qaldırılması üzrə kompleks tədbirlərin həyata keçirilməsi nəticəsində baş verə bilər.

Belə  ki, artıq tütün epidemiyası ilə mübarizə sahəsində dünya ölkələrində və eləcə də Azərbaycanda səylər göstərilir. Dünya ölkələrinin imzaladığı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) 21 may 2003-cü il tarixli Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasına Azərbaycan da 2005-ci ilin noyabrın 1-də qoşuldu.  Bu Konvensiya tütün məmulatlarının istehsalını, satışını və istifadəsini tənzimləyən bəşəriyyətin ilk beynəlxalq razılaşmasıdır ki, ictimai yerlərdə siqaret çəkməyi və tütün məmulatlarının hər-hansı formada reklamını qadağan edir. ÜST Çərçivə konvensiyasında əks olunmuş vəzifələrin həlli istiqamətində ölkələrə yardım göstərmək məqsədi ilə Ümumdünya Səhiyyə Təşkilatı MPOWER - tütünə qarşı mübarizə üzrə altı strategiyadan ibarət əhəmiyyətli və effektli kompleksi tərtib etdi. Kompleks şəklində bu altı strategiyanın reallaşması və həyata keçirilməsinin təmin olunması gənclər arasında siqaretçəkmənin başlanmasının qarşısını ala bilər, bu gün siqaret çəkənlərə bu təhlükəli vərdişdən imtina etməyə kömək edə bilər, çəkməyənləri passiv siqaretçəkmədən mühafizə edə bilər, ölkələrin əhalisini isə tütünün zərərli təsirindən xilas edə bilər. 

Konfransda AHCA-nın prezidenti, Azərbaycanda Tütünlə Mübarizə Strategiyasının Hazırlanması layihəsinin koordinatoru Nurlan Əliyev çıxış edərək tədbirin məqsəd və vəzifələrindən danışdı, “Blumberq Təşəbbüsü – fəaliyyətlər və tərəfdaşlar” mövzusunda Ağ Ciyər Xəstəlikləri və Vərəmə qarşı Mübarizə üzrə Beynəlxalq Birliyin nümayəndəsi Dmitri Medlev və “Türkiyənin tütünlə mübarizədə təcrübəsi” mövzusunda Ankaranın Hacıtəpə Universitetinin (Türkiyə) professoru Nazmi Bilir çıxış etdilər, eləcə də tədbirdə iştirak edən jurnalistlər üçün Milli Məclisin və Səhiyyə Nazirliyinin nümayəndələrinin iştirakı ilə brifinq keçirildi.

Eləcə  də konfrans iştirakçıları tərəfindən bəyənnamə imzalandı. Bəyannamədə deyilir ki, onu imza edənlər "Ümumdünya Səhiyyə Təşkilatının Tütünlə Mübarizə üzrə Çərçivə Konvensiyasını" və Azərbaycan Respublikasının Konstitusiyasının vətəndaşların sağlamlığı ilə bağlı müddəalarını əsas götürərək, Azərbaycanın Tütünlə Mübarizə Koalisiyasının yarandığını elan edirlər. Koalisyanın yaranmasında başlıca məqsəd, ÜST tərəfindən epidemiya kimi elan edilmiş və müasir dövrdə əhalinin sağlamlığının qorunması sahəsində təhlükəli problemə çevrilmiş tütünə qarşı mübarizədə hökumət, qeyri hökumət, beynəlxalq təşkilatların ayrı-ayrı vətəndaşların, bütövlükdə Azərbaycan cəmiyyətinin səylərinin birləşdirilməsinə və icra orqanlarının bu istiqamətdə həyata keçirdiyi tədbirlərə ictimai dəstəyin təşkil olunmasına nail olmaqdır.

Seminarda maraqlı təqdimatlarla Azərbaycan Respublikası Milli Məclisinin Sosial-Siyasət Daimi Komitəsinin sədr müavini Musa Quliyev “Tütünlə mübarizə üzrə qanunvericilik və beynəlxalq sənədlər”, Ümümdünya Səhiyyə Təşkilatının Azərbaycan üzrə ölkə ofisinin Qeyri-yoluxucu xəstəliklər və psixi sağlamlıq üzrə milli proqram mütəxəssisi Sevil Əsədova “Dünyada tütünün epidemiyası”, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Sağlam Həyat Tərzi üzrə Milli Koordinatoru Azad Haciyev “Azərbaycanda tütünlə mübarizə”, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin sağlam həyat tərzinin təbliği və sosial proqramlar sektorunun müdiri Nərmin Bağırova “Gənclər və tütünçəkmə problemi”, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Günay Manafova “Qadınlar və tütünçəkmə problemi”, Azərbaycan Respublikası İnsan Hüquqları üzrə Müvəkkilinin protokol sektorunun müdiri Yeganə Cəfərova “Tütünlə mübarizə və insan hüquqları”, İctimai Televiziya və Radio Yayımları Şirkətinin Elm və Təhsil Proqramları Departamentinin direktoru Cəsarət Valehov “Tütünlə mübarizədə vətəndaş cəmiyyətinin rolu” mövzuları ilə çıxış etdilər. Bütün çıxışlar böyük maraqla dinlənildi, tütünlə mübarizə işinin Azərbaycanda gücləndirilməsi mövzusu geniş müzakirələrə səbəb oldu və problemlərə dair faydalı təkliflər verildi.

Seminarın sonunda müzakirələrin nəticələrinə görə rəy və məsləhətlər yekunlaşdırılaraq xüsusi vurğulandı ki, tütün epidemiyasının səbəbləri və onlarla effektli mübarizə üsulları barədə məlumatların kifayət qədər olmasına baxmayaraq, bu biliklərin təcrübədə istifadə olunması və cəmiyyətin bütün təbəqələrinin həyata keçirilən tədbirlərdən faydalanması üçün hələ bir çox işlər görülməlidir. Xüsusi vurğulanmışdır ki, ÜST Çərçivə konvensiyası Tərəfləri tütün epidemiyasına qarşı mübarizəyə qoşularaq öz əhalisinin sağlamlığının qorunmasını öhdələrinə götürmüşlər. Lakin bu öhdəliklərdən irəli gələn vəzifələrin həyata keçirilməsi yalnız bir qurumun üzərinə düşməməlidir və öhdəliklərinin reallaşmasına görə məsuliyyət hər bir aidiyyatı təşkilatın üzərinə düşür.

Qeyd olundu ki, tütün epidemiyasının tam insanlar tərəfindən törədildiyinə görə bu epidemiyaya yenə də insan son qoymalıdır. Lakin tütünlə mübarizə tədbirləri çoxsektorlu yanaşma və siyasi iradə tələb edir. Azərbaycanda tütünlə mübarizə sahəsində bir çox işlər görülüb, lakin hələ də bəzi çatışmazlıqların aradan qaldırılmasına və qanunların təkmilləşdirilməsinə və Tütünlə Mübarizə üzrə Milli Strategiyanın hazırlanmasına ehtiyac vardır. Ona göra də tütün epidemiyasını dayandırmaq üçün məqsədyönlü və düşünülmüş çoxsektorlu fəaliyyət aparılmalıdır.