XƏBƏRLƏR

27 Mart 2017

Tütünlə mübarizə sahəsində qanunvericiliyin gücləndirilməsi ilə əlaqədar müzakirələr aparılıb

www.azertac.az 

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində “Tütünlə mübarizəyə dair Azərbaycan qanunvericiliyinin gücləndirilməsi” layihəsi çərçivəsində növbəti tədbir təşkil olunub.

Mərkəzdən AZƏRTAC-a daxil olan xəbərə görə, tədbirdə Ədliyyə Nazirliyi, Vergilər Nazirliyi, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman), Azərbaycan Tibb Universiteti, “Asan Agentlik” və “ASAN Könüllüləri Gənclər Təşkilatı” İctimai Birliyi, “Həmrəy Gənclərin Maarifləndirilməsinə Dəstək” İctimai Birliyi, “Ümidli Gələcək” İctimai Birliyi və “LAYF” Xeyriyyə İctimai Birliyinin əməkdaşları iştirak ediblər.

İctimai Səhiyyə və İslahatlar Mərkəzinin əhalinin sağlamlığı şöbəsinin müdiri Tofiq Musayev qanunvericiliyin gücləndirilməsi sahəsində məşvərətçi xidmətlər göstərmək və mövcud qanunvericiliyin təhlili üçün yaradılan Texniki Məsləhətçi Qrupun tütünlə mübarizə sahəsində əldə etdiyi uğur və üzləşdiyi problemlər barədə məlumat verib. O, layihənin üçüncü rübündə qarşıda duran vəzifələrdən bəhs edərək qanunvericiliyin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlərin əhəmiyyəti barədə söhbət açıb.

Mərkəzin səhiyyə siyasəti və islahatlar şöbəsinin müdir müavini Nabil Seyidov “Tütün məmulatlarının istehlakının məhdudlaşdırılması haqqında” Qanun Layihəsinin müzakirəsi ilə əlaqədar Milli Məclisdə planlaşdırılan “dəyirmi masa”nın təşkilinə dair iştirakçılarla fikir mübadiləsi aparıb. Tədbir iştirakçıları müzakirə olunan məsələ barədə maraqlı fikir və təkliflər səsləndiriblər.

Mərkəzin layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə layihə çərçivəsində nəzərdə tutulmuş ikinci kütləvi maarifləndirmənin və digər tədbirlərin təşkilinə dair müzakirələr aparıb.

Layihə çərçivəsində yaxın iki ay ərzində nəzərdə tutulan kommunikasiya tədbirləri barədə Mərkəzin Səhiyyə kommunikasiyası və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Məmmədova məlumat verib. O, yaxın gələcəkdə televiziya kanallarında mövzu ilə əlaqədar müzakirələrin təşkil olunacağını və ictimai səhiyyə sahəsində mərkəzin həyata keçirdiyi tədbirlərin işıqlandırılmasında medianın böyük dəstəyinə ehtiyac olduğunu iştirakçıların diqqətinə çatdırıb.