“18 yaşın tamam olmayıbsa, siqaret çəkmə!” – tütün şirkətləri uşaqların siqaret çəkməsinə qarşı belə mübarizə aparır. Amma uşaqların deyilənin əksini etdiyini hamımız bilirik. Elə yeniyetmələrin psixologiyalarına yaxşı bələd olduqlarından şirkətlər bu üsulu seçirlər.
Bir çox hallarda siqaret çəkməyi böyüklərin azad seçimi adlandırırlar. İlk baxışdan hər şey adi görünsə də, əslində heç də göründüyü kimi deyil. Siqaret çəkənlərin əksəriyyəti hələ məktəbli və ya azyaşlı olarkən artıq siqaret asılılığına məruz qalırlar. Milyonlarla tütün aludəçisi üçün siqaret böyük vaxtlarının deyil, məhz uşaqlıq dövrünün seçimidir. Hər kəsə məlumdur ki, siqaretə alışqanlıq onu çəkən nə qədər gəncdirsə, bir o qədər tez yaranır. Amma azyaşlılara siqaret satışı qadağan olunduğundan, onlar bunu başqa yollarla etməyə çalışırlar. Bəzən mağazaların üzərində “Uşaqlara siqaret satmırıq!” ifadəsinə rast gəlirik. Bu həm də o deməkdir ki, 18 yaşdan sonra siqaret çəkmək olar. Uşaqlara şirkətlər tərəfindən məhz o təlqin olunur ki, siqaret uşaqlar üçün deyil, yəni böyüyəndən sonra onu çəkmək olar. Əlbəttə, bunu görən hansı uşaq tezliklə böyümək istəməz?
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər il dünyada 5 milyon insan siqaretdən ölür. Statistikaya görə, 2030-cu ildə nikotin hər saniyədə bir nəfərin həyatına son qoyacaq. Beləliklə, ölümlərin sayı ildə 10 milyon nəfərə çatacaq. Hazırda dünyada siqaret çəkənlərin sayı 1,3 milyard nəfərdir. Statistikaya görə, 2030-cu ildə bu rəqəm 1,6 milyard nəfəri ötəcək. Mütəxəssislər hesab edirlər ki, 15 il müddətində fasiləsiz olaraq siqaret çəkən insanların təxminən yarısı dünyasını dəyişir. Ümumdünya Səhiyyə Təşkilatının gəldiyi qənaətə görə, dünyada ən çox siqaret çəkən ölkələr sırasında Azərbaycan 32 faizlə 85-ci sıradadır. Hesabata əsasən, Azərbaycanda yaşı 15-dən yuxarı olan kişilərin 41 faizi siqaret çəkir və bu rəqəm ildən-ilə artır.
Tütün məhsullarının zərərləri ilə bağlı hər yerdə yazırlar. Məsələnin digər tərəfi isə siqaretin mağazalarda, ticarət mərkəzlərində, köşklərdə, televiziya ekranlarında - hər yerdə rast gəldiyimiz gizli reklamıdır. Əslində, buna açıq reklam desək daha düzgün olar. Dünya təcrübəsində bir çox ölkələrdə siqaretin açıq satışına qadağa qoyulub. Supermarketlərin vitrinlərində bizdəki kimi açıq siqaret satışına rast gəlinmir. Hətta bəzi ölkələrdə, məsələn, qonşu Rusiyada siqaret xüsusi mağazalarda satılır. Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, dünyaya özünü hər cəhətdən yaxşı göstəriciləri ilə təqdim edən Azərbaycanda siqaretlə bağlı vəziyyət həddindən artıq pis vəziyyətdədir. Əslində, hər yerdə insanların kütləvi zəhərlənməsinə səbəb olan siqaretin açıq reklamı gedir:
“Baxmayaraq ki, 10 ildən çoxdur ölkədə “Tütün və tütün məmulatları haqqında” qanun qəbul olunub və bu qanunun tələblərinə görə, siqaretin tək-tək, 18 yaşına çatmamış şəxslərə və tədris-təlim, sağlamlıq müəssisələrinin yaxınlığında satışı qadağandır, bu gün Azərbaycanda dünyanın çox yerində olmayan müasir, gözəl supermarketlərə ayaq basanda birinci olaraq səni ekzotik, bəzədilmiş siqaret taxçaları qarşılayır. Azad İstehlakçılar Birliyi 5 aya yaxındır ki, supermarketlərdə olan həmin taxçaların yığışdırılması ilə bağlı iş aparır ki, bunların üstü örtülməlidir. Bəzi ölkələrdə bu məhsulların üstü bağlıdır, siqaretlər görünmür, üstündə yazılır ki, 18 yaşa kimi insanlara satılmır və müəyyən saatdan sonra satılır”.
Mütəxəssisin sözlərinə görə, bu azmış kimi, mağazalarımızda siqaretin yanında elektron siqaret də satılır və onun bukletləri paylanır. Amma nəzərə almaq lazımdır ki, elektron siqaret adi siqaretdən heç də az təhlükəli deyil. AİB sədrinin sözlərinə görə, məişət narkomaniyası olan siqaretin əleyhinə illər boyu kampaniya aparılsa da, hələ də aksiz markası olmayan, ölkəyə qaçaq yolu ilə gətirilən siqaretlərə rast gəlinir:
“Nərimanov rayonunda artıq neçə ildir ki, qaçaqmal yolu ilə gətirilmiş, aksiz markası olmayan daha təhlükəli siqaretlərin satışı davam edir. Bizə bir nəfər müraciət etmişdi ki, artıq çəkdiyimiz siqaret siqaret dadı vermir. Yəni siqaretin içərisinə nə gəldi qarışdırırlar. Belə demək olarsa, siqaret çəkən iki dəfə kişi olur, ona başlayanda və tərgitəndə”.
Tütün məhsulları nə qədər təhlükəlidirsə, onları düzgün şəraitdə saxlamamaq təhlükəni bir qədər də artırır. Əslində, siqaretin saxlanma müddəti bir ildən çox olmasa da, ölkəmizdə satılan siqaretlərin üzərində son istehsal tarixi yazılmır:
“Siqaretlərin saxlanma müddəti bir ildən çox deyil. Milli Məclisdə “Tütün və tütün məmulatları haqqında” qanun qəbul olunanda biz çalışdıq ki, qutuların üzərində onun buraxılma müddəti və son istifadə tarixi yazılsın. Lakin o vaxtkı Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin rəhbərliyi parlamentdə radikal çıxış etdi və bizim istəyimizə imkan vermədi. Biz yalnız siqaretin istehsal tarixinin yazılmasına nail olduq. Bu da hələ əsas deyil. Tütün məmulatları nəm yerdə saxlanılarsa, daha təhlükəlidir. Amma bundan daha təhlükəli isə odur ki, bəzi köşklərdə aksiz markası olmayan siqaretlər altdan satılır. Əhali arasında iş aparırıq ki, siqaret satışı minimum ensin. 4 il bundan əvvəl Azərbaycan vətəndaşlarının siqaretə ehtiyacı 1 milyard ədəd idi. Yəqin ki, indi 1,5 milyard həcmində olar”.
Tədqiqat göstərir ki, siqaret qutusunun üstündə olan “Səhiyyə Nazirliyi xəbərdarlıq edir” yazısı siqaret çəkənlərin heç vecinə deyil. Çünki çəkənlər ona öyrəşirlər, adaptasiya olunurlar. Lakin Azərbaycanın qoşulduğu Ümumdünya Səhiyyə Təşkilatının tütün əleyhinə çərçivə konvensiyasında tələb olunur ki, hər 3 aydan bir siqaretin üzərindəki yazı dəyişməli, ən müxtəlif çağırışlardan istifadə olunmalıdır. Azərbaycan konvensiyaya qoşulsa da, hamının öyrəşdiyi və əhəmiyyət vermədiyi cümlə yazılır. Mütəxəssisin sözlərinə görə, təəssüf ki, nə konvensiyanın şərtləri, nə də “Tütün və tütün məmulatları haqqında” qanunun tələbləri yerinə yetirilir.
Bu baxımdan xarici təcrübəyə nəzər yetirsək, siqaret qutularının üzərində parçalanmış ağciyərdən tutmuş bir sıra ölüm təsvirləri olan dəhşətli fotolara qədər rast gəlinir. Bu şəkilləri gördükdən sonra insan həmin qutunu əlinə alıb siqaret çəkmək istəməz.
Uşaqlara siqaret satmaq qanunla qadağandır, amma bu məsələnin bir tərəfidir. Psixoloq Elnur Rüstəmovun virtualaz.org-a bildirdiyinə görə, valideynlər özləri uşaqlarının siqaret çəkməmələrində maraqlı olmalıdırlar və onları uşaqlıqdan siqaret almağa göndərməməlidirlər. Siqaretin açıq reklamı azyaşlıların psixologiyasına mənfi təsir edir. Belə halların qarşısını almaq üçün orta məktəbdən maariflənmə işləri aparılmalı, ictimai yerlərdə siqaret çəkmə ilə bağlı yasaqlar olmalıdır:
“Avropa ölkələrində siqaretin satılması üçün xüsusi mağazalar var. Bütün marketlərdə açıq şəkildə siqaretin satılması qadağandır. Xüsusən də, kiçik marketlərdə uşaqlara siqaret satılması məsələsi qorunur. Yeniyetmələr əsasən orta məktəblərdən siqaret çəkməyə meyl edirlər. Ona görə də, orta məktəblərdən maariflənmə işləri aparılmalıdır. Bundan əlavə, seriallarda və ictimai yerlərdə siqaretin çəkilməsinə qadağa qoyulsa, çox yaxşı olardı. Film və serial qəhrəmanlarının siqaret çəkməsi yeniyetmələrə və gənclərə mənfi təsir göstərir. Çox yaxşı olardı ki, Azərbaycanda da ssenaristlər, film çəkənlər bu cür hallara az yer versinlər”.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən virtualaz.org-a verilən məlumata görə, “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununa görə, tütün, tütün məmulatlarının və onların ləvazimatlarının, o cümlədən tənbəki çubuqlarının, qəlyanların, elektron siqaretlərin, siqaret kağızlarının, alışqanların reklamı qadağandır. Xidmətdən onu da bildirdilər ki, istehsal edilən və dövriyyəyə buraxılan tütün məmulatının hər qutusunun üstündə nikotinin və tütün qatranının miqdarı, habelə məhsulun istehsal olunduğu tarix və 18 yaşına çatmamış şəxslərə satılmasının qadağan edilməsi göstərilməlidir.