Siqaret çəkmək dünyada hər onuncu ölümün səbəbidir. Özü də belə ölümlərin yarısı dörd ölkənin - Rusiya, ABŞ, Çin və Hindistanın payına düşür.
"Report" BBC-yə istinadən xəbər verir ki, bu barədə "The Lancet" tibb jurnalında nəşr olunan yeni araşdırmada deyilir.
Araşdırmada tədqiqatçılar 1990-2015-ci illər ərzində 195 ölkədə siqaret çəkilməsi barədə məlumatlardan istifadə ediblər. Alimlərin fikrincə, tütün istehsal edən şirkətləri xüsusilə inkişaf etməkdə olan ölkələrdə aqressiv şəkildə yeni bazarlar əldə etdiyindən ölüm səviyyəsi daha da arta bilər.
"Siqaret çəkmək ikinci ən çox yayılmış vaxtından əvvəl ölüm və əlillik riski faktorudur", - araşdırmanın müəlliflərindən olan həkim Emmanuela Qakidou bildirib.
Ümumiyyətlə, siqaret çəkənlərin ümumi sayı 1990-cı ildəki 870 milyon nəfər göstəricisindən 2015-ci ildə 933 milyon nəfərə qədər artıb. Siqaret ilə bağlı ölüm hallarının sayı da 4,7% artaraq 2015-ci ildə 6,4 milyon nəfərə çatıb.
Araşdırma nəticəsində bəzi ölkələrdə siqaretdən istifadənin azaldılması halları qeydə alınıb. Buna əsasən administartiv yollarla - vergilərin yüksəldilməsi, qutularda xəbərdarlıq etməklə və təhsil proqramları vasitəsilə nail olunub.